Space TV – nin bölgə müxbiri məlumat verir ki, Cəlilabad rayonunda elektrik naqillərinin işıq dirəyindən qırılaraq yerə düşməsi nəticəsində iki baş iribuynuzlu heyvan tələf olub. Hadisə Alar kəndində qeydə alınıb. Hadisə ilə bağlı kəndə elektrik enerjisinin verilişi dayandırılıb.
Rayon ərazisində müşahidə olunan külək və yağış nəticəsində yüksək gərginlikli elektrik naqilləri qırılaraq kənd sakinləri – Rəsul Fərzullayevə və Vüsal Hüseynova məxsus iki iribuynuzlu heyvanın üzərinə düşüb. Nəticədə hər iki heyvan tələf olub. Kənd sakinləri bununla bağlı rayonun hüquq-mühafizə orqanlarına və “Azərişıq” ASC-nin Cəlilabad Elektrik Şəbəkəsinə məlumat veriblər.
Hadisə ilə əlaqədar olaraq Alar kəndinə elektrik enerjisinin verilişi dayandırılıb. Daha sonra isə kəndə elektrik enerjisinin verilişi bərpa olunub.”Azərişıq” ASC-nin Cəlilabad Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən kənd ərazisinin iki ayrı yerində elektrik dirəklərindən qırılan naqillərdəki nasazlıq aradan qaldırılıb və həmin naqillər xəttə birləşdirilib.