İşğaldan azad edilmiş xüsusi mühafizə olunan ərazilərdə hesablama aparılacaq – RƏSMİ

  • Space TV
  • 11 Yanvar 2021 12:55

11 yanvar – Dünya Qoruqlar və Milli Parklar günüdür. Bu tarixin xüsusi mühafizə olunan təbiət ərazilərinə həsr edilməsi təsadüfi deyil. 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. Həmin təqvim Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən qeyd olunur.

Azərbaycanda da ölkənin nadir təbiətinin qorunması məsələlərinə böyük diqqət yetirilir.

Respublikamızda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 893 min hektara bərabərdir.

Ekologiya və Təbii sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova mətbuata açıqlamasında bildirib ki, ölkəmizdə ərtaf mühitin mühafizəsi sahəsində prioritet istiqamətlərdən biri zəngin biomüxtəlifliyin, nadir təbiət obyektlərinin qorunması və gələcək nəsillərə çatdırılmasıdır:

“Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına 1910-cu ildən başlanılıb. 3500 hektar sahədə yaradılmış Eldar şamı Botaniki Yasaqlığı Azərbaycanın, eləcə də, Cənubi Qafqazın ilk xüsusi mühafizə olunan təbiət ərazisi hesab edilir.

İlk qoruq 1925-ci ildə yaradılmış Göygöl Dövlət Təbiət Qoruğu, ilk milli park isə 2003-cu ildə yaradılmış H.Əliyev adına Zəngəzur Milli Parkıdır. 2018-ci ildə yaradılan ən sonuncu milli park isə 100 hektaradək ərazini əhatə edən Qızılağac Milli Parkıdır”.

A.Səmədova qeyd edib ki, sentyabrda Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən yaradılan park xüsusi mühafizə olunan ərazilərin hər biri öz unikallığı və ekosisteminin unikallığı ilə bir-birindən fərqlənir.

“Qeyd etməliyəm ki, azad edilmiş torpaqlarda dövlət təbiət qoruqları və yasaqlıqlar olub.Həmin ərazilərdə ilkin qiymətləndirmə işlərinə başlanıb. 30 ilə yaxın müddətdə Qaragöl və Bəsitçay Dövlət Təbiət Qoruqlarının ərazisi talan olunub.

Bəsitçay Dövlət Təbiət Qoruğu Avropada unikal meşə sayılan 100 hektarlıq təbii çinar meşəliyinin əksər hissəsi məhv edilib. Ölkə rəhbərliyinin tapşırığı ilə həmin ərazilərdə monitorinq aparılacaq, dəymiş ziyan hesablanacaq, qoruqlar, yasaqlıqlar yenidən qurulacaq, bərpa olunacaq”, – deyə nazirlik rəsmisi qeyd edib. 

Paylaş

 Xəbəriniz olsun