Gəncənin həyətlərindən birində digər meyvələrlə yanaşı becərilən bu feyxoa meyvələrinin dolğunluğu gözə çarpır. Yəni, Lənkəran bölgəsinə doğma olan bu sitrus meyvəsi Gəncəyə də doğmalıq göstərib və o, məhsuldarlıq baxımından bağındakı digər yerli ağaclardan heç də geri qalmır. Belə ekzotik meyvələrin becərilməsi Gəncə bölgəsində artıq o qədər də nadir hal deyil. Arana yaxın dağətəyi Gəncə zonasında buralar üçün yeni olan bitkilərin artıq asanlıqla yetişə bilməsi heç şübhəsiz, son onilliklərdə bu ərazilərdəki iqlim dəyişiklikləri ilə sıx bağlıdır.Məsələ haqda daha geniş təsəvvürlərə malik olmaq məqsədilə Gəncədəki (Aqrar Universitetə məxsus) Təcrübə Bağında görüşdüyümüz mütəxəssis də iqlim dəyişkənliklərin bitkilərin zona mənsubiyyətləri xüsusiyyətlərinə yenidən baxılması məsələsini aktuallaşdırdığına diqqət çəkdi. Bu baxımdan, iqlim dəyişmələrinin istər yerli bitkilərə fəsadları, istər də fərqli qurşaqlara məxsus bitkilərin becərilməsi məsələlərinin elmi cəhətdən işlənilməsinin vacib olduğunu bildirdi.Elə bu təcrübə bağında da həmin məsələlər tədqiq edilir. Mütəxəssis konkret olaraq, Lənkəran zonası limi rütubətli-subtropik iqlimə məxsus sitrus bitkilərinin Gəncə-Qazax bölgəsi kimi quru-subtropik iqlimli yerlərdə becərilməsi məsələsinin öyrənildiyini də qeyd etdi. İqlim dəyişkənliyinə planetar miqyasda təbii landşaftın yenidənqurmaları və insanın yüksək texnogen fəaliyyəti amillərinin səbəb olduğunu vurğulayan həmsöhbətimiz iqlim qurşaqlarındakı yerdəyişmələrin flora ilə yanaşı faunaya da əhəmiyyətli dərəcədə təsir edə bildiyini qeyd etdi. İqlim dəyişiklikləri məsələsi bitkiçilik və heyvandarlıq sahələri üçün artıq mühüm amilə çevrildiyindən, o, aqrar sektorun çevikliyi məsələsini də gündəmə gətirir.
Zakir Muradov SPACE TV