Uçuşa hazırıq

  • SpaceTV
  • 20 Avqust 2019 16:40

İyulun 24-də axşam saat 10  radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilir və aviasiya vasitəsi radarlardan itir. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşür. Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilir. Müdafiə Nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb. Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi başlanılıb.  Məlum hadisə ilə əlaqədar, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayət işi başlanaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilməyə başlanılıb.  Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan təyyarəsinin axtarışları havadan və dəniz səthində aparılmağa başlayır. əməliyyat-axtarış tədbirlərinə helikopter, gəmi və qayıqlar cəlb olunub.

Eyni zamanda axtarışlarda müasir avadanlıqlarla təchiz edilmiş hərbi texnikalardan, mobil komanda idarəetmə mərkəzindən istifadə edilir.

Təyyarənin qəzaya uğradığı ehtimal olunan ərazi istiqamətində – Xəzər Dənizinin sahilində əməliyyat qərargahı yaradılıb. Aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb. Ötən gün isə MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb. Bu gün isə Müdafiə Nazirliyinin Mətbuat xidməti iyulun 24-də qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin nəşinin  və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılması ilə bağlı məlumat yaydı. Verilən məlumatda bildirilir ki, hərbi pilotla vida mərasimi sabah saat  10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində keçiriləcək.

Paylaş

 Xəbəriniz olsun