İnsanlığın utanc yeri: bir qəbirdə 7 can – VİDEO

  • Space TV
  • 29 Avqust 2020 12:50

Ermənilərin 20-ci əsrin sonlarında reallaşdırdığı soyqırımı siyasəti əvvəlcə Xocavənd rayonunda Qaradağlı faciəsi ilə başladı. Ardınca bəşər tarixinə əsrin faciəsi kimi düşən 26 fevral Xocalı soyqırımı törədildi. Müharibənin öz qanunları var, amma bunun adı müharibə deyildi, bu açıqca insanlığa qarşı cinayət, kin, nifrət idi. İnsanlığa sığmayan bu dəhşət daha sonra Goranboyun Ballıqaya yaylağında baş verdi. Laçınlılara qarşı törədilən 28 avqust Ballıqaya faciəsi.

Space TV-nin məlumatına görə, insanlığın utanc yeri olan Ballıqaya faciəsində 24 nəfər eyni gündə qətlə yetirilib. Həmin qanlı gecədə 90 yaşlı qadın da, 6 aylıq körpə də amansızcasına öldürülüb.  Müsahibimiz Laçın rayon sakini Məmmədyar Alməmmədov deyir ki, hadisə zamanı onun da ailə üzvüləri Ballıqayada olub və kəndə hücum edən erməıni qəsbkarları tərəfindən vəhşicəsinə qətlə yetiriliblər: “Atamın anası, anam və iki bacım orada olub. Ümumi  24 nəfər olublar. Bir nəsil bir gecədə qətlə yetirilib”.

 Ailədən yalnız bir nəfər sağ qalıb, o da təsadüf nəticəsində.

Ballıqaya faciəsinin digər qurbanlarını tanımaq üçün üz tutduq Bərdədə digər ünvanlara.  Vəzir Hümbətov uzun müddət psixoloji sarsıntılar keçirdiyini, bu səbəbdən müalicə aldığını deyir. Çünki acı üstünə acı yaşamışdı. Ömür-gün yoldaşını övladları ilə bir yerdə dəfn etdiyi Ağdamın Güllücə kəndi də işğal olmuşdu. Bu yaşadıqları acıya tab gətirə bilmədiyi üçün intihar etmək belə keçib könlündən. Lakin sonradan qohum-əqrəbanın təkidi ilə onu fikrindən daşındıra biliblər:

“Yoldaşım və altı övladım yandırılıb. Analiz etdilər, məlum oldu ki, güllələyib yandırıblar”.

 O günləri ürək ağrısı ilə xatıralayan, bir böyük ailədən geriyə kimsəsi qalmayan Vəzir kişi gördüklərini bir an belə unuda bilmədiyini deyir:

“ Qazdım, çıxardım. Gördüm ki, harda yatmışdılar orada da yandırıblar”.

Vəzir Hümbətov ən ağır acını övladları ilə həyat yoldaşını dəfn edərkən yaşayır: “Bir qəbir qazıldı, 7 nəfərin sür-sümüyün bir kəfənə büküb orada dəfn etdim. Qayıtdım Laçına. Sonra doğmaları gətirib burada dəfn ediblər. Ağdam da işğal olundu, qəbir də qaldı orda”.

Bəli, bir erməni vəhşiliyi unudulmamış, digəri baş verir. Tarixən azərbaycanlıların qanına susamış o qəsbkarları qoy bütün dünya tanısın. Tanısın və qınasın. İnsanlığın utanc yeri sayılan qonşularımızın mənfurluğu bu gün bütün dünyaya bir mesajdır. Bax, budur, erməni vəhşiliyi, budur erməni xisləti, budur, azərbaycanlılara tutulan divan.

Emin Babayev, Şamo Adıgözəlov, Space TV

Paylaş

 Xəbəriniz olsun