İmişlidə heyvan oğurluğu ilə məşğul olan şəxs saxlanılıb

  • Space TV
  • 15 Fevral 2021 11:38

İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində həmkəndlilərinə məxsus xirdabuynuzlu heyvanları oğurlayan şəxs müəyyən edilərək saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumata görə, bir qrup İmişli rayon sakini RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus xırdabuynuzlu heyvanlarının oğurlanması barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Mayis Kərimov saxlanılıb.

Araşdırmalarla onun səkkiz baş qoyun oğurlamaqla həmkəndlilərinə 1000 manata yaxın ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.  

Faktla bağlı İmişli RPŞ-da araşdırmalar davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun