“Məni bir dəfə çağırdılar Dom Sovet dediyimiz Hökumət Evinə. İçəri girəndə gördüm 3 nəfər oturub. Məsələ nə idi? Demək söhbət Gəncə kommunistlərindən gedirdi. Gəncədə olan İmamzadə türbəsi, dördüncü imam Məhəmməd Bağırın oğlu İbrahimin dəfn olunduğu məqbərə ilə bağlı şikayət daxil olmuşdu. Siyasi Büroya yazıblar ki, nə qədər burada İmamzadə var, bizim kommunist rejimimiz, kommunist ideologiyamızı yaymaq mümkün olmayacaq. Ona görə də bu yer bağlanmalı, uçurulub məhv edilməlidir”. Bu barədə ilk dəfə şeyxülislam Hacı Allahşükür Paşazadə Space TV-nin efirində yayımlanan “Sadə həqiqətər” veilişində danışıb. Onun sözlərinə görə, sözügedən toplantıda İmamzadəni öncə təmir adıyla bağlamaq, sonra da uçurulmasına dair qərar qəbul edilib: “Orada xəbərdarlıq edildi ki, bu gizli görüşdür və onunla bağlı heç kəsə heç nə deyə bilməzsiniz. Qayıdandan sonra mən fikirdən gecələr yatmırdım. O dövrlər çox çətin idi. Təsəvvür edin, mənim kimi inanclı bir insan eşidir ki, İmamzadənin qəbrini dağıtmaq istəyirlər, amma sən heç nə edə bilmirsən”. Şeyxüslislam məlumatın gizli saxlanmasına dair ciddi xəbərdarlıqlara baxmayaraq həyatını riskə ataraq İmamzadəni xilas etmək üçün yollar axtarır. “Məscidə gələnlərin arasında Heydər Əliyev cənablarının həyat yoldaşı Zərifə xanımın qohumları da vardı. Mənə yasin oxutdurardılar. Səhv etmirəmsə gələn xanımın adı Xədicə idi. Mən onun niyyətinə yasin oxuyar, dua edərdim. Ondan sonra gedərdi. O dövrdə məsciddə şam yandırardılar. O da şam yandırar, sonra da qoyub gedərdi. Eşitmişdim ki, Zərifə xanım Quran oxutdurur, yasin oxutdurur. Onun dinə olan münasibətindən xəbərim vardı. Vəziyyəti ona danışdım. Dedim, bilmirəm Heydər Əliyevin bundan xəbəri varmı, yoxmu. Zərifə xanıma çatdırmaq olarmı, İmamzadəni sökmək, dağıtmaq istəyirlər? Bəlkə də o, bilmir. Orada dördüncü imamın oğlu, Səid İbrahim dəfn olunub. Kommunistlərin bir dəstəsi Siyasi Büroya məktub yazıb ki, bunu məhv edin, bu bizim ideologiyamızın yayılmasına imkan vermir. Dedi yaxşı deyərəm”. Bu hadisədən sonra şeyxülislam, bu gün – sabah məni həbs edərlər deyə hər gecəsini vahimə içərisində yaşayıb. Çünki məxfi toplantıda söylənənlərin kənara çıxmasına görə məsuliyyət daşıdıqlarına dair ciddi xəbərdarlıq edilmişdi: “Mən bunu bilirdim. Xədicə xanım bir 15 gündən sonra gəldi. Dedi mən Zərifə xanıma dedim. Üstündən bir 10-15 gün də keçəndən sonra Moskvadan ikinci dəstə gəldi. Yenə də bizi çağırdılar, qərar qəbul olundu ki, həmin türbə təmir olunsun və qeydiyyatdan keçirilsin. SSRİ dövründə yeganə dini ziyarətgah kimi Gəncə Göy İmam türbəsi kimi qeydiyyata alındı. O, Heydər Əliyev cənabları tərəfindən qeydə alındı. Bu böyük qələbə idi”. Beləliklə də Heydər Əliyevin müdaxiləsi nəticəsində müqəddəs ziyarətgahı xilas etmək mümkün olub.