İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkiləcək

  • SpaceTV
  • 3 Sentyabr 2019 17:22

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək.

Heydər Əliyev Fondundan və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Space TV -yə bildiriblər ki, böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan bu nəcib təşəbbüsə respublikamızın bütün bölgələrində geniş ictimaiyyət nümayəndələri, həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər qoşulacaqlar. Bu genişmiqyaslı tədbirə Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadının doğulduğu Şamaxı rayonunda start veriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.

Paylaş

 Xəbəriniz olsun