İkinci S-400 batareyasının Türkiyəyə çatdırılmasına sabah başlanılacaq

  • SpaceTV
  • 26 Avqust 2019 16:12

S-400 zenit-raket komplekslərinin ikinci batareyasının Türkiyəyə çatdırılması avqustun 27-də başlayacaq.

Space TV  Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar məlumat verib.

“S-400 zenit-raket komplekslərinin ikinci batareyası sabahdan Türkiyəyə gətirilməyə başlayacaq”, – deyə nazir NTV telekanalının efirində bildirib.

Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalayıb. S-400 komplekslərinin ilk batareyasının komponentləri iyulun 12-dən 25-dək bu ölkəyə çatdırılıb.

Rusiyanın ən yeni hava hücumundan müdafiə sistemlərindən biri olan S-400 zenit-raket komplekslərinin alınması Türkiyə və ABŞ arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Ankaradan bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini almağı tələb edib. Əks-təqdirdə Vaşinqton F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyini və ya tamamilə dayandırılacağını istisna etməyib.

Paylaş

 Xəbəriniz olsun