İçməli sudan qeyri-qanuni istifadə edənlərə qarşı gecə reydləri olacaq – FOTO

  • SpaceTV
  • 8 Avqust 2020 13:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə içməli su sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, israfçılıq və su itkilərinin qarşısının alınması barədə tapşırıqlarının icrası məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Tədbirlər Planı hazırlanıb və işlərə başlanıb.

Qurumdan verilən məlumata görə, bu məqsədlə xüsusi qruplar yaradılıb, həm Abşeron yarımadasında, həm də regionlarda nəzarət tədbirləri gücləndirilib.

İlkin araşdırmalar içməli sudan qeyri-qanuni və uçotsuz istifadə hallarına daha çox Bakıətrafı qəsəbələrdə, əsasən həyət və bağ evlərində, həmçinin bəzi kommersiya obyektlərində rast gəlindiyini göstərir. Xəzər, Sabunçu, Suraxanı, Binəqədi, Abşeron rayonlarında, eləcə də bağ massivlərində su şəbəkələrinə baxış keçirilərkən içməli sudan qanunsuz istifadə ilə bağlı bir sıra neqativ hallar aşkarlanıb. Məlum olub ki, bir qrup vətəndaş və sahibkarlıq subyektləri “Azərsu” ASC-dən texniki şərt almadan və müqavilə bağlamadan qeyri-qanuni yolla su kəmərlərinə müdaxilə edərək su çəkib və içməli sudan uçotsuz istifadə edirlər.

Abşeron rayonu Hökməli dairəsi yaxınlığında, Koroğlu küçəsində obyekt sahibi texniki şərt almadan, özbaşına Hökməli kəndini qidalandıran magistral kəmərə müdaxilə edərək 100 mm diametrli boru ilə su xətti çəkib. Bu xətt vasitəsilə həm obyektini su ilə təmin edib, eyni zamanda xüsusi sudoldurma məntəqəsi yaradaraq sudaşıyan maşınlara su satışı ilə məşğul olub. Fakt aşkarlanan kimi obyektin su təchizatı dayandırılıb, sudan qeyri-qanuni istifadə halı sənədləşdirilərək dəymiş ziyan hesablanıb. Həmin ərazidə yerləşən ət kəsimi məntəqəsində də sudan qanunsuz istifadə hal qeydə alınıb.

Nəzarət tədbirləri çərçivəsində Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində Maştağa su anbarından Buzovna qəsəbəsinə çəkilmiş tranzit magistral kəmərə ərazidə yaşayanlar tərəfindən 25 nöqtədə qanunsuz müdaxilə halları aşkarlanıb. Hətta bir ünvanda xətdən 63 mm diametrli boru ilə qanunsuz su çəkilərək kənd təsərrüfatı məqsədilə istixanalarda və digər əkin sahələrində istifadə edilib. Abşeron rayonu Ceyranbatan qəsəbəsi yaxınlığında vətəndaşlar tərəfindən magistral xəttə müdaxilə edilərək 50 mm boru ilə su çəkilib və kollektor sistemi yaradılıb. Buradan götürülən su ilə böyük bir ərazidə yonca sahəsi və bostan bitkiləri suvarılıb, eyni zamanda ətrafdakı fərdi yaşayış evlərinə su verilib.

Aparılmış nəzarət tədbirləri zamanı Xəzər rayonunun Binə, Şağan, Qala qəsəbələrində, Binəqədi rayonunun Binəqədi, Sulutəpə, Xocahəsən, Abşeron rayonunun Masazır, Saray, Hökməli, Qobu qəsəbələrində də əhali tərəfindən özbaşına su xətlərinin çəkildiyi aşkarlanıb.

Əsasən gecə saatlarında xəlvəti icra edilən bu işlərin qarşısını almaq üçün rayon sukanal idarələrinin əməkdaşlarına axşam və gecə saatlarında ərazilərdə reydlər aparmaq tapşırığı verilib.

Sudan qanunsuz istifadə halları aşkarlanarkən “Azərsu” ASC-nin əməkdaşları tərəfindən su xətlərinə qanunsuz qoşulmalar ləğv edilir, istifadə olunmuş suya görə dəymiş ziyan hesablanır, həmçinin içməli su şəbəkələrinə qoşulma qaydaları barədə əhali ətraflı məlumatlandırılır.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq içməli sudan qeyri-qanuni və uçotsuz istifadənin aşkar olunması, israfçılıq və itkilərin qarşısının alınması ilə bağlı “Azərsu” ASC tərəfindən nəzarət tədbirləri davamlı aparılacaq. Eyni zamanda əhalidən və ictimaiyyətdən xahiş edirik ki, belə hallarla bağlı 24 saat fəaliyyət göstərən 955 Zəng Mərkəzinə məlumat versinlər.

Paylaş

 Xəbəriniz olsun