İcbari tibbi sığorta

  • SpaceTV
  • 12 Noyabr 2019 18:07

2020- ci il yanvarın 1-dən uzun illərdir ki, əhalinin gözlədiyi İcbari Tibbi Sığorta sisteminin tətbiqinə başlanılacaq.  Ümumiyyətlə İcbari Tibbi Sığorta nədir?  Sığortanın bu növü dünya səhiyyəsində geniş yayılmış sahədir. Bu xidmətlə insanlar xəstələnmədiyi halda da müəyyən fondlara vəsait keçirir və onlar cəmlənir. Xəstəliyi olan insanlar da  bu vəsaitlərdən istifadə etməklə müalicə ala bilir. Bu yolla insanlar bir-birlərinə yardım etmiş olurlar. Ölkəmizdə tətbiq ediləcək  İcbari Tibbi Sığortadan vətəndaşlarla yanaşı müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan əcnəbilər də faydalana biləcək.

Artıq  əhalinin bu sığorta nəticəsində  yararlana biləcəkləri xidmətlərin toplusu hazırlanıb.  İcbari Tibbi Sığorta sistemi baza və xidmətlər zərfindən ibarətdir.  Baza hissəsindən istifadə pulsuzdur. Bura ilkin səhiyyə, habelə təcili və təxirəsalınmaz tibbi yardım xidməti daxildir.

İcbari Tibbi Sığorta üzrə dövlət agentliyindən bildirilib ki,  tədbirlər planına uyğun olaraq hazırda tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun qurulması üzrə işlər aparılır. Ümumilikdə ölkə üzrə tibb müəssisələri 3092 ədəd kompüter avadanlığı ilə təchiz olunub. Həmçinin qeyd edilib ki,  İcbari Tibbi Sığortanın ölkədə tətbiqindən sonra tibb işçilərinin əməkhaqları da artacaq. 

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun