Hikmət Əlizadə: “Ovçuluğun qanunvericilik səviyyəsində qadağan olunmasının tərəfdarıyam”

  • SpaceTV
  • 27 Yanvar 2021 11:44

Azərbaycanda ovçuluğa münasibət birmənalı deyil. Bəziləri üçün bu, sevimli hobidir, bəziləri isə əksinə, heyvanlara qəddarlığa qarşı çıxırlar.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ov mövsümünün bərpası ilə əlaqədar Media.Az-la söhbətləşib.

O bildirib ki, ovçuluğun qanunvericilik səviyyəsində qadağan olunmasının tərəfdarıdır:

“Üstəlik, mən ətraf mühitin qorunması ilə əlaqədar qurumu təmsil edirəm. Ancaq təəssüf ki, çoxsaylı ov həvəskarları var, onlar üçün bu, bir hobbidir. Hətta ən inkişaf etmiş ölkələrdə də ovçuluğun kəskin tərəfdarları və ona qarşı çıxanlar var. Ovçuluğun qadağa edildiyi hansısa ölkənin olduğunu bilmirəm, yalnız Azərbaycanda da olduğu kimi məhdudiyyətlər mövcuddur”.

O, ov mövsümündə orta hesabla təxminən 3 000 lisenziyanın həm yerli sakinlərə, həm də əcnəbilərə verildiyini vurğulayıb.

H.Əlizadə bildirib ki, Azərbaycana ov etməyə əsasən Avropadan və Ərəb ölkələrindən gəlirlər:

“2020-ci il istisna təşkil edib. Pandemiya səbəbindən sərhədlər bağlı olub”.

H. Əlizadə Azərbaycanda daha çox hansı heyvanların ovlanmasından da danışıb:

“Əsasən quş ovlayırlar. Azərbaycan milyonlarla quşun uçduğu misilsiz ölkədir. Bundan əlavə, məməlilər, xüsusən də qaban, Dağıstan turları, dovşan və s. ovlanılır”.

Paylaş

 Xəbəriniz olsun