Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Cırtdan nağıllar aləmində” meqa-şousu bu dəfə cənub bölgəsində uşaqların qonağı olub.

  • Space TV
  • 28 Dekabr 2019 16:23

Masallı Rayon Olimpiya İdman kompleksinə yığışan hər bir uşağı meqa-şoudakı müxtəlif milli nağıl qəhrəmanları gülüş doğuran hərəkətləri öz sehrinə saldı. Cırtdanın ağıl və bacarığı sayəsində şər qüvvələrlə macəra dolu mübarizəsi az yaşlıları həm əyləndirdi, həm də həyəcanlandırdı.

Heydər Əliyev Fondu gələcəyimiz olan uşaqların milli ruhda böyüməsi, onların bəşəri dəyərlərə hörmət ruhunda tərbiyə almasına mühüm töhfələr verməyə davam edir. 300-dək rəngarəng kostyum, müxtəlif oyuncaqlar, eləcə də bəzi səhnələrdə zaldakı balacaların da iştirakı şounu tamaşaçılar üçün unudulmaz etdi.

Meqa-şounu daha da maraqlı edən isə burada Cırtdanla yanaşı, bir çox nağıl qəhrəmanlarının – Məlikməmməd, Div və Tıqtıq xanımın da iştirak etməsi idi. 150 nəfərdən ibarət heyətin əməyi sayəsində ərsəyə gələn “Cırtdan nağıllar aləmində” şousu bölgələrə bu illik səfərini Masallı rayonu ilə yekunlaşdırdı. Paytaxtda isə tamaşa gələn il yanvarın əvvəllərinə kimi davam etdiriləcək.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun