Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı dezinfeksiya işləri aparılıb – FOTO/VİDEO

  • Space TV
  • 4 Sentyabr 2020 14:12

Sentyabrın 4-nə keçən gecə Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı profilaktik dezinfeksiya işləri aparılıb. Dezinfeksiya hava limanı ərazisində sərnişinlərin və işçi heyətin olmadığı zaman həyata keçirilib.

Spacetv.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidməti məlumat yayıb.

Genişmiqyaslı dezinfeksiya Bakının hava limanı ərazisində COVID-19 virusunun yayılmasının qarşısını almaq, sərnişinlər və işçi heyəti üçün təhlükəsiz və sağlam mühit yaratmaq məqsədi daşıyır. 

Aerovağzal kompleksinin bütün sahələri antiseptik və dezinfeksiyaedici vasitələrlə tam təmin olunub, gediş, gəliş, baqaj qəbulu zallarında zərərsizləşdirici tədbirlər görülüb.

Döşəmələr, divarlar, oturacaqlar, pəncərələr, eskalatorlar, qeydiyyat masaları, baxış zonaları, liftlər, traplar, tutacaqlar, sürahi səthləri, qapı tutacaqları və s. dezinfeksiya edilib.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tövsiyə edilən bütün zəruri tədbirlər görülür:
 
– gün ərzində dörd dəfə qeydiyyat zonalarında, sanitar qovşaqlarda, sərnişinlər üçün nəzərdə tutulan sahələrdə səthlərin dezinfeksiyası həyata keçirilir;

– bütün uçub gələn sərnişinlərin hərarətinin ölçülməsi üçün xüsusi cihazlarla ikisəviyyəli yoxlama təmin edilir;

– koronavirus infeksiyasına yoluxmasına şübhə olan sərnişinin aşkar edildiyi hava gəmisi üçün karantin meydançası ayrılıb. Bu təyyarəyə xidmət göstərmək üçün istifadə olunan xüsusi texnika dezinfeksiyaedici vasitələrlə zəruri emal prosedurundan keçir;

– hərarəti yüksək olan sərnişinlərin dərhal təcrid olunması üçün hava limanında xüsusi otaq ayrılıb;

– koronavirus infeksiyasına yoluxmasına şübhə olan şəxslərin ixtisaslaşmış tibb müəssisəsinə çatdırılması məqsədilə Bakı hava limanının ərazisində daim təcili tibbi yardım maşınları növbədə olur;

– işçi heyət və sərnişinlər fərdi qoruyucu vasitələrlə təmin olunur, aerovağzal ərazisində maska taxma rejiminə riayət olunmasına daim nəzarət edilir;

– insanların olduğu  ərazilərdə təhlükəsiz məsafəni təmin etmək üçün xüsusi işarələr qoyulub.

– hava limanı terminallarındakı eskalator tutacaqları daim xüsusi quraşdırılmış avadanlıq vasitəsilə ultrabənövşəyi şüalarla dezinfeksiya olunur.

Aerovağzal kompleksinin bütün sahələrinin təmizlənməsi dezinfeksiyaedici vasitələrdən istifadə edilməklə gücləndirilmiş rejimdə aparılır, terminaldakı bütün təmas səthləri isə xlor tərkibli maddələrlə mütəmadi olaraq təmizlənir.

Qeyd edək ki, hazırda paytaxt hava limanından Naxçıvan, İstanbul, Berlin, London, Dubay və Minsk şəhərlərinə uçuşlar həyata keçirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yükdaşıma həcmi, qalxma və enmə əməliyyatlarının sayı, aerovağzal kompleksinin sahəsi və yük kompleksinin tutumu baxımından Azərbaycanın və regionun ən böyük hava limanıdır.

Britaniyanın nüfuzlu “Skytrax” konsaltinq şirkəti tərəfindən aparılan auditin nəticələrinə əsasən, Azərbaycan paytaxtının hava limanı sərnişin xidmətinin səviyyəsinə görə dünyanın illik beş milyon nəfərədək sərnişin axını olan hava limanları sırasında ən yaxşı hava limanı seçilib.

Xidmət səviyyəsinə görə Avropa, Orta Şərq və Amerikada lider hava limanlarını geridə qoyur. Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq dördüncü ildir ki, bütün MDB ölkələrinin aeroportları arasında ən yaxşı hava limanı kimi tanınıb.

Paylaş

 Xəbəriniz olsun