Hande Harmancı: “Britaniya ştammı”nın Azərbaycana gəlməsi gözlənilmədiyi üçün bu barədə düşünməyə dəyməz”

  • Space TV
  • 2 Fevral 2021 14:38

Koronavirusun yeni mutasiyasının xüsusiyyətlərinin öyrənilməsi istiqamətində tədqiqatlar davam etdirilir.

Spacetv.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı məlumat verib.

O bildirib ki, koronavirusun yeni mutasiyalarının üzə çıxması qaçılmazdır:

“COVID-19 çox sürətlə mutasiya etmir. Lakin buna baxmayaraq biz onun yeni növlərinin çıxacağını ehtimal edirik. Koronavirus insan orqanizmində var olduqca, yayıldıqca, dünyada qaldıqca onun yeni mutasiyalarının yaranması da qaçılmaz olacaq. Bizim üçün önəmli olan yeni variantın daha çox yoluxdurma, öldürmə qabiliyyətinin öyrənilməsidir. Hazırda əsas məqsədimiz əlimizdə olan diaqnostik testlərin bu məqamların aşkarlanması üçün yetərli olub-olmamasını, peyvəndin yeni növə qarşı təsirlilik gücünü müəyyən etməkdir. 

Hazırda bu suallara cavab axtarılır. İlkin tədqiqatlara görə, “Britaniya ştammı”nın daha çox yoluxdurucu olması, mövcud testlər vasitəsilə aşkarlana bilməsi və hazırlanan peyvəndlərin həmin ştamma qarşı təsirli olması müəyyənləşib. Onun yoluxuculuğu 50-70 faiz çoxdur. Lakin öldürücülüyünün artması barədə dəqiq nəticələr yoxdur”.

H.Harmancı bildirib ki, yeni ştammın yoluxuculuğunun çox olması xəstəlik yükünün artacağı anlamına gəlir:

“Lakin onun daha ağır keçməsi mütəxəssislər tərəfindən araşdırılır. Yeni ştamma bu günə qədər təxminən 50 ölkədə rast gəlinib. Azərbaycana gəlməsi gözlənilmədiyi üçün bu barədə düşünməyə dəyməz. Lakin hər kəs artıq nə edəcəyini, virusla hansı şəkildə mübarizə aparacağını, nəyin daha faydalı olduğunu bilir. Çünki virus eyni virusdur”.

Paylaş

 Xəbəriniz olsun