Hacıqabulda Pirsaat su anbarı quruyub

  • Space TV
  • 17 İyun 2020 14:26

116 min hektar sahəsi olan Pirsaat qış otlaq sahəsindən Hacıqabul, Quba, Abşeron, Qobustan və Şamaxı rayonları üzrə 55 iri fermer təsərrüfatı istifadə edir. Qış otlağı birbaşa Hacıqabul ərazisindəki Pirsaat su anbarından qidalanır. Pirsaatçay su anbarı isə eyni adlı çaydan su götürür. Lakin bu il havaların quraq keçməsi su anbarına ciddi təsir göstərib. Pirsaatçay çayında su olmadığından Pirsaat su anbarı da quruyub. Bu da öz növbəsində qış otlaq sahələrinin su ilə təminatında bir qədər çətinliklər yaradıb.

Hazırda 190 min baş xırda və iribuynuzlu heyvanın yaylaqlara köçüb.  Payız-qış aylarında fermerlər problemlərlə üzləşməsinlər deyə qabaqlayıcı tədbirlər həyata keçirilir. 103 ədəd suat məntəqəsi təmir olunmaqla yanaşı qrafika əsasən həmin ərazidə diametri 200 millimetr olan 3 kilometr uzunluğunda politielen boru vasitəsi ilə su xətti çəkilib.

Mütəxəssislər hesab edirlər ki, Pirsaat su anbarı dayanıqlı olmadığından istənilən vaxt quruya və yenidən problem yaranar. Belə hal baş verməsin deyə, yeni layihələr hazırlanmalıdır. Əks halda gələcəkdə vəziyyət daha da ağırlaşa bilər.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun