Hacıqabul rayonunda mövcud olan 118 yaşlı Hacı Həşim hamamı düz 62 il əhalinin xidmətində durub

  • Space TV
  • 31 Yanvar 2020 15:58

Hacı Həşim hamamı Hacıqabul rayonunun Rəncbər kəndində yerləşir. Bundan əvvəl qonşu kəndlərin əhalisi XIX əsrin axırlarından fəaliyyət göstərən rayonun Nəvahi kəndindəki hamamdan istifadə edirmiş. Bir tərəfdən yolun uzaqlığı, digər tərəfdən isə vaxt itkisi Rəncbər kəndinin tanınmış xeyriyyəçisi Hacı Həşimə rahatlıq vermir. O, 1902-ci ildə Rəncbər kəndində gələcəkdə adını daşıyacaq bu hamamı tikdirir.

1918-ci il mart qırğını zamanı erməni-bolşevik birləşmələri tərəfindən bir çox tarixi abidələr dağıdıldığı kimi Nəvahidə olan Hacı Rza hamamı da yerlə yeksan edilir. Bundan sonra qonşu kəndəlrin də əhalisinin istifadə etdiyi yeganə hamam bu olur. Tarixçilərin fikrincə, divarları pud daşdan, günbəzi isə qırmızı kərpicdən olan bu hamam Abşeron-Bakı hamamları üslubunda tikilib. İnsanlara normal xidmət göstərilməsi üçün 5 müxtəlif otağı olub. Həftənin bir günü kişilər, bir günü isə qadınlar üçün ayrılıb. Hamamın işıqlandırılması zamanı şam və çıraqlardan belə istifadə edilməyib. Bu funksiyanı yalnız günbəzin ətrafında və üzərindəki 5 pəncərəyə oxşar deşiklər həyata keçirib.

Hacı Həşim hamamı 1964-cü ilədək fəaliyyət göstərib. Sonralar fərdi yaşayış evlərində hamamlar tikildikcə, bu hamam unudulub, yaddan çıxıb. Tarixi abidə status almasına baxmayaraq, baxımsız qalan Hacı Həşim hamamı insanların dönüklüyündən çat-çat çatlayıb, qəzalı vəziyyətə düşüb. Kənd sakinlərinin ən böyük arzusuisə Hacı Həşim hamamının əsaslı bərpa olunub əvvəlki görkəminə salınmaqla gələcək nəsilərə çatdırılmasıdır. Daha doğrusu, bu tarixi abidənin qorunması, yaşadılmasıdır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun