“Haber Global”: “Tarixdə dəhşət səhifəsi olan Xocalı” – FOTO

  • Space TV
  • 26 Fevral 2021 12:06

613 şəhid… Çoxu qadın, uşaq, qoca… Doğulub böyüdükləri ata-baba torpaqlarında öldürüldülər. 20-ci əsrdə insanlığa qarşı törədilən cinayətin adı, tarixə həkk olunmuş qara ləkə: Xocalı soyqırımı.

Bu barədə “Haber Global”ın Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən reportajında qeyd edilir.

Bildirilir ki, Sovet İttifaqının dağılması ilə Azərbaycana qarşı ərazi iddiasına və hücuma başlayan ermənilər bölgədə tək hava limanına sahib olan, 1991-ci ilin son günlərində mühasirəyə aldıqları və strateji baxımdan əhəmiyyətli olan Xocalını ələ keçirmək üçün hərəkətə keçiblər.

25 fevral 1992-ci ildə aylarla davam edən hücumlarını gücləndirən ermənilər, o zaman Xankəndində yerləşən Sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə dinc sakinləri vəhşicəsinə qətlə yetirib, əsirlərə olmazın işgəncələr veriblər.

Avropa İnsan Hüquqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli qərarında Xocalı hadisəsi müharibə cinayətlərinə və ya insanlığa qarşı cinayətlərə bərabər hərəkət kimi qəbul edilir.

Bu günə qədər 15 ölkənin parlamenti və ABŞ-ın 16 ştatının parlamenti Xocalı hadisələrini qınayan və soyqırımı kimi qəbul edən qərarlar qəbul ediblər.

Xocalıdakı hadisələri dünyaya elan etməyə davam edən Azərbaycan beynəlxalq ictimaiyyətdən cinayətkarların cəzalandırılmasını tələb edir.

Paylaş

 Xəbəriniz olsun