Güzəştli mənzil əldə etmək istəyənlərin nəzərinə: Satışlara start verilir

  • Space TV
  • 18 Noyabr 2020 10:55

Hövsan Yaşayış Kompleksində mənzillərin satışına start verilir.

Spacetv.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyindən verilən məlumata əsasən, satışa ümumilikdə 501 mənzil çıxarılır.

Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ şosesi-Hava Limanı 12-ci km, 22 ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 27, 4 saylı binası üzrə 121, 5 saylı binası üzrə 260 və 6 saylı binası üzrə 93 mənzilin satışı həyata keçiriləcək.

Prosesə 18 dekabr 2020-ci il tarixində saat 11:00 start veriləcək və bu, 28 dekabr 2020-ci il, saat 11:00-dək davam edəcək.

Eləcə də, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçiminə 22 dekabr 2020-ci il tarixində, saat 11:00-da başlanılacaq və 28 dekabr 2020-ci il, saat 11:00-dək davam edəcək.

Bildirilib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir və yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdir.

Elektron kabinetə sahib olan bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış ola bilərsiniz. 

Satışa çıxarılan mənzillər haqqında ümumi məlumatı müvafiq linkdən əldə edə bilərsiniz.

Paylaş

 Xəbəriniz olsun