Gürcüstanda soydaşlarımız Şuşanın azad edilməsi münasibətilə tədbir keçiriblər – FOTO

  • Space TV
  • 10 Noyabr 2020 16:06

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşəbbüsü ilə 9 noyabr – Dövlət Bayrağı Günü və Qarabağın incisi qədim Şuşa şəhərinin işğaldan azad olunması ilə əlaqədar tədbir keçirilib.

Spacetv.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

GAİM-in müəllim-şagird heyətinin, yerli ictimaiyyətin nümayəndələrinin qatıldıqları tədbir dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranın səsləndirilməsilə başlayıb. Tədbirdə GAİM-in icraçı direktoru Rafiq Hümmət, müəllimlərdən Fatma Əliyeva, Məhəmməd Aslanov və başqaları çıxış ediblər. Natiqlər Dövlət Bayrağı Gününün tarixi barədə danışaraq xalqımızın üçrəngli bayrağının yenidən ucaldılması və bir daha enməməsi naminə apardığı mücadilə barədə məlumat veriblər. 

Qeyd edilib ki, bayram ərəfəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımıza Şuşanın azad edilməsi xəbərini çatdırmaqla hər bir azərbaycanlıya böyük sevinc bəxş edib. Hər iki bayram münasibətilə tədbir iştirakçılarını təbrik edən natiqlər Azərbaycan bayrağının illər sonra Qarabağın azad olunmuş şəhər və kəndlərində dalğalanmasını xalqımızın tarixində böyük hadisə kimi qiymətləndiriblər. Onlar bildiriblər ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə rəşadətli ordumuzun ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyinə tamamilə əmindirlər. 

Tədbirdə Şuşaya, Azərbaycan bayrağına həsr olunmuş şeirlər və mahnılar səsləndirilib.

Paylaş

 Xəbəriniz olsun