Günəbaxan yığımı -FOTO

  • SpaceTV
  • 31 Avqust 2019 14:35

Son illər Cəlilabad rayonunda bir çox sahələrdə olduğu kimi günəbaxan əkininə xeyli maraq artıb. Ötən il rayonda günəbaxan sahələrindən 312 ton məhsul götürülüb. Bu il isə əkin sahələri bir qədər də genişləndirilib. Rayonunun Alar kənd sakini Bahəddin Əsgərov da 20 ilə yaxındır ki, ailə təsərrüfatı ilə məşğuldu. Bir neçə ildir, təsərrüfatında digər kənd təsərrüfatı bitkiləri ilə yanaşı, 100 hektardan artıq sahədə günəbaxan əkib. Təsərrüfat sahibi deyir ki, günəbaxan bitkisi məhsulvermə dövrünə qədər 2 dəfə suvarılır. Artıq sahələrdə son yığım aparılır. Yığım zamanı daha çox əl əməyindən istifadə olunur. 

Təsərrüfat sahibinin dediyinə görə, ötən il hər hektardan 1,5 ton günəbaxan məhsulu götürüb. Bu mövsundə isə hektarda məhsuldarlıq hələlik 1,9 tona çatıb. Satışında da elə bir problem yaşanmır. Günəbaxan toxumlarının qiyməti çeşidindən asılı olaraq 1 kiloqramı 1 manat 50 qəpik, 1 manat 60 qəpik arasında dəyişir.

Bahəddin Əsgərov deyir ki, günəbaxan gəlirli sahə olduğundan gələn il əkin sahələrini genişləndirmək, 150-200 hektara çatdırmaq niyyətindədir.

 Mütəxəssislərin fikrincə, bu il rayonda günəbaxan sahələrindən 400 tondan çox məhsul gözlənilir.

Təyyar Nəsirli, Vüqar Qaliboğlu Space Cəlilabad

Paylaş

 Xəbəriniz olsun