Güclü diplomat və bəsit jurnalist

  • SpaceTV
  • 16 Oktyabr 2020 16:58

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın RİA Novosti agentliyinə müsahibələri iki ölkənin liderləri arasında olan intellekt və mədəni səviyyə fərqini bütün çılpaqlığı ilə ortaya qoydu. Rusiyanın peşəkar jurnalistlərindən olan aparıcı Dmitri Kiselyov balansı qorumaq üçün hər iki ölkənin başçısına eyni sualları ünvanlamışdı.

Prezident İlham Əliyev “Sentyabrın 27-dən başlayan hərbi əməliyyatları necə qiymətləndirirsiniz, itkilər necədir, sizin qiymətləndirmənizə görə, əsir düşənlər çoxdur?” şəklində ilk suala cavabında  səlis dillə hərbi əməliyyatların başlama səbəbləri barədə məlumat verir, Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını faktlar əsasında göstərir, Azərbaycan Ordusunun uğurları barədə danışır və ölkənin ərazi bütövlüyünün bərpa olunması istiqamətində əməliyyatların davam etdiyini deyir. İtkilərə gəldikdə, dövlət başçısı dinc əhalinin statistikanı təqdim edir və hərbçilər arasında itkilər barədə hərbi əməliyyatların qızğın fazası bitdikdən sonra məlumat veriləcəyini diqqətə çatdırır.

Baş nazir Nikol Paşinyana sual verilir, lakin mahiyyəti üzrə cavab alınmadığına görə, aparıcı sualı təkrarlamaq məcburiyyətində qalır. Aydın görünür ki, Paşinyan baş verənləri ayıq qiymətləndirmək, təhlil etmək və auditoriyaya öz fikrini çatdırmaqda çətinlik çəkir.

Dövlətimizin başçısı isə işğalçı ölkənin baş nazirindən fərqli olaraq  öz ölkəsinin mövqeyini aydın şəkildə ifadə edir, Ermənistanın təxribatlarını, mülki şəxslərə qarşı müharibə aparıldığını göstərir və özünə güvənən, fikirlərinin həqiqiliyində əmin olan, qəti mövqe ortaya qoyan qalib lider kimi danışır. Paşinyan isə rabitəsiz nitqi ilə fikri dağınıq, mövcud vəziyyəti ayıq qiymətləndirmək imkanından məhrum olmuş, sanki  təzyiq altında olan və sualın cavabını bilməyən tələbə təəssüratı bağışlayır.

Suriya və Liviyadan Azərbaycan Ordusunun tərəfində guya  muzdluların iştirak etməsi haqda sualın cavbında da prezident İlham Əliyev növbəti dəfə  Azərbaycan ordusunun böyük potensiala malik olduğunu bildirib və bu potensialı dəfələrlə artırmaq imkanını diqqətə çatdırır. Dövlətimizin başçısı əsaslı arqumentlərlə  Azərbaycanda heç bir muzdlunun olmadığını növbəti dəfə sübut edir. 

Ermənistanın baş naziri isə növbəti dəfə  Azərbaycan Ordusunda muzdluların iştirakı ilə bağlı iddia irəli sürsə də yenə də heç bir fakt təqdim edə bilmir, xarici mediada ümumi sözlərdən ibarət materiallar və fake məlumatlara əsaslanır. Avantüra xarakterli cavabında Paşinyan Türkiyənin, hətta Pakistanın hərbi əməliyyatlarda iştirakı barədə iddialar irəli sürür, Türkiyə amilini artıq “sübut olunmuş fakt” kimi təqdim edir. Açıq aydın görünür ki, həm ölkə ictimaiyyəti, həm də beynəlxalq aləm qarşısında məğlubiyyətini əsaslandırmaq üçün Paşinyan Dağlıq Qarabağdakı qondarma rejimin Türkiyə ilə qarşı-qarşıya olduğunu isbat etməyə çalışır.

Paşinyanın bəsit, siyasətdən, diplomatiyadan az – çox başı çıxan adamda gülüş doğuracaq cavabları heç bir fakt tapa bilmədiyinə görə icrası çətin olan sifarişi yerinə yetirmək üçün məhdud fantaziyasını işə salmış orta statistik jurnalistin yazdığı cızmaqaraya oxşayır. Görünür, Paşinyan təkcə uğursuz  baş nazir, siyasətçi deyil, həm də yarımçıq jurnalistdir.

Jurnalistin oktyabrın 10-da Moskvada əldə olunmuş razılaşmada baza prinsiplərinin mahiyyəti haqqında sualın cavabında   da Prezident İlham Əliyev qısa şəkildə həm baza prinsiplərinin işlənmə tarixçəsi, həm də onun mahiyyəti barədə məlumat verir. Aydın şəkildə göstərir ki, bu prinsiplər Ermənistanın əvvəlki rəhbərliyi ilə danışıqlar prosesində işlənib hazırlanıb. Paşinyan hakimiyyətə gələndən sonra isə görülmüş bütün işlər kənara qoyuldu, danışıqların formatının dəyişdirilməsinə cəhd göstərildi və ümumiyyətlə danışıqlar prosesinə böyük zərbə vuruldu. Bundan başqa,  Ermənistanın yeni hakimiyyəti aqressiv ritorika ilə heç bir güzəşt olmayacağını bəyan etdi və açıq şəkildə yeni işğal planlarını reallaşdırmağa başladı.

Azərbaycan Prezidentinin natiqlik məharəti, diplomat təcrübəsi, dünya miqyaslı siyasi lider obrazı, nitqinin məntiqi ardıcıllığı, təmkini, hər bir fikrini dəlillərlə əsaslandırmaq bacarığı heç kimdə onun dediklərinə şübhə yeri qoymur.

Sual oluna bilər ki, nəyə görə prezident İlham Əliyev baza prinsiplərinin detalları barədə danışa bilir, atılacaq addımları göstərir, amma Paşinyan ümumi sözlərlə konkret sualdan yayınır. Ermənistanın baş naziri “məsələ ondadır ki, bu prinsipləri tərəflər necə interpretasiya edir” deməklə cavabdan qaçır və heç bir detal barədə məlumat vermir. Çünki bu detallar münaqişənin mərhələli həll variantını, 7 rayonun qaytarılmasını, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını və son mərhələdə Dağlıq Qarabağın satatusu məsələsinin həllini nəzərdə tutur. Paşinyan bu həqiqətləri dilə gətirə bilmir və buna görə də sualdan ümumi cavablarla yayınır.

Azərbaycanın  hansı kompromisə hazır olması, ölkəmiz üçün heç bir halda vaz keçməyəcəyi bir xəttin mövcud olub – olmaması ilə bağlı sualı da Azərbaycanın dövlət başçısı açıq və konkret şəkildə cavablandırıb.  Prezident İlham Əliyev aydın şəkildə izah edir ki, Azərbaycanın mövqeyi beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və məsələyə praqmatik yanaşmaya əsaslanır. Azərbaycan heç bir halda ərazi bütövlüyünün pozulmasına və Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq. Bununla yanaşı, dövlət başçımız onu da diqqətə çatdırır ki, gələcəkdə Dağlıq Qarabağın ərazisində azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşaması təmin edilməlidir. İlham Əliyev Azərbaycanın digər yaşayış məntəqələrində, Rusiyada, Gürcüstanda bu nümunələrin olduğunu göstərir və nəyə görə eyni vəziyyətə Dağlıq Qarabağda nail olmağın mümkün olmadığını sual edir.

Prinsipcə, İlham Əliyev aydın şəkildə münaqişənin sülh yolu ilə həlli mexanizmini tam açır və xalqların sülh şəraitində yaşamasını təmin edəcək model təklif edir.

Eyni sual Paşinyana üç dəfə verilir. Ermənistanın baş naziri ya sualı başa düşmür, ya da özünü eşitməzliyə vuraraq sualdan yayınmağa çalışır. Birinci dəfə o, kompromis kimi  xalqların öz müqəddəratını təyin etməsini, sonra isə bu müddəanı “qırmızı xətt” kimi göstərir. Aydın görünür ki, Paşinyan kompromis və “qırmızı xətt” anlayışlarını qarışdırır. Buna görə də aparıcı Dmitri Kiselyov sualı ikinci dəfə təkrarlayır. Lakin Paşinyan bu dəfə də kompromis barədə sualı cavabsız qoyur. Hətta üçüncü dəfə sual təkrarlandıqda belə, baş nazir deyir ki, “biz Azərbaycanın hazır olduğu proporsional kompromisslərə hazırıq”.

Kompromis barədə sualın üç dəfə təkrarlandığı və Paşinyanın heç bir aydın cavab vermədiyi nəzərə alınarsa, onda Prezident İlham Əliyevin Ermənistanın yeni hakimiyyətinin bu günə kimi işlənmiş bütün məsələlərin və danışıqlar prosesinin üzərindən xətt çəkdiyi, təxribatlar törətdiyi və yeni işğal planları qurduğu barədə dediklərinin tam həqiqət olduğu bir daha öz təsdiqini tapır.

Müsahibələr onu deməyə əsas verir ki, Rusiya auditoriyası  İlham Əliyevin simasında bir tərəfdən təcrübəli, gözəl nitq qabiliyyətinə malik, fikirlərini yüksək səviyyədə, məntiqi ardıcıllıqla çatdıran və izah edən, özünə güvənli və hərəkətlərinin düzgünlüyünə əmin olan dünya səviyyəli lider görür. Digər tərəfdə isə özünü itirmiş, fikirlərini normal izah edə bilməyən, zəif mövqe və məhdud potensial səbəbindən həqiqəti adekvat qiymətləndirmək əvəzinə avantürist fərziyyələr və uydurmalar səsləndirən, hələ də yarımçıq jurnalistikadan siyasətə keçə bilməyən, cılız və miskin Paşinyan.

Paylaş

 Xəbəriniz olsun