Göygöl rayonunda məcburi köçkünlər üçün yeni yaşayış məhəlləsi istifadəyə verilib.

  • Space TV
  • 31 Dekabr 2019 17:01

Ölkə rəhbərinin daimi diqqət və qayğısı ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin miqyası ilbəil genişlənir. Bu yöndə son iki il ərzində ölkə ərazisində 13 qəsəbə və bir bina tikilib istifadəyə verilib. Öz dogma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalan soydaşlarımız üçün Göygöl rayonunda  inşa edilən yeni yaşayış massivi də onlardan biridir. Göygöldəki hər biri 5 mərtəbəli olmaqla 3 yaşayış binasından ibarət yeni yaşayış massivi,  ölkə ərazisində qaçqınlar və məcburi köçkünlər üçün salınmış, bütün zəruri sosial-texniki infrastrukturu olan ümumən 110-cu qəsəbədir. 130 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan məhəllənin tikintisi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində aparılıb. Məhəllə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) tərəfindən layihələndirilib və tikilib. Ayrılmış 1,5 hektar torpaq sahəsində tikinti işlərinə 2019-cu ilin avqust ayında başlanılıb. Məhəllədəki binalarda mənzillərin 15-i birotaqlı, 55-i ikiotaqlı, 50-i üçotaqlı, 10-u dördotaqlıdır.

Məhəllənin elektrik təchizatını təmin etmək məqsədi ilə mövcud “Göygöl-1” yarımstansiyasında yenidənqurma işləri aparılıb və birdövrəli elektrik verilişi xətti çəkilib. Bundan əlavə, kompleksin ərazisində transformator məntəqəsi tikilib. Həmçinin İçməli su təchizatını təmin etmək üçün bura boru kəməri çəkilib, bir içməli su anbarı, yanğın əleyhinə iki texniki  su anbarı, nasosxana və nəzarətçi binası tikilib. Kanalizasiya şəbəkəsi qurulub. Məhəllə təbii qazla təchiz edilib, bunun üçün müvafiq infrastruktur yaradılıb. Mənzillərdə smart-kart tipli qaz sayğacları, PQ-4 tipli qaz plitələri, həmçinin istilik və isti su təchizatını təmin etmək məqsədi ilə qazla işləyən kombi tipli su qızdırıcılar quraşdırılıb. Məhəllədaxili rabitə və videomüşahidə xəttləri çəkilib. Kompleksdə abadlıq və yaşıllaşdırma işləri görülüb, məhəllədaxili yollar çəkilib, sanitariya-təmizləmə meydançası tikilib.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun