Göyçayda valideynləri vəfat etmiş tələbə qızın evi dağıdılaraq talan edilib.

  • SpaceTV
  • 7 May 2020 15:36

Göyçay rayonunda görünməmiş cinayət hadisəsi baş verib. Fərdi yaşayış evinin divarları dağıdılıb, pəncərələri, döşəməsi, pilləkəni sökülərək oğurlanıb. Mənzildəki divan, soyuducu, televizor aparılıb. Bu hadisə rayonun Hacalıkənd kəndində baş verib. Kənd sakini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin ikinci kurs tələbəsi olan Hümbətova Süsən Vaqif qızı bu günlərdə Bakıdan doğma evinə qayıdarkən bu acınacaqlı vəziyyətlə qarşılaşıb.

     Süsən Hümbətova bildirib ki, yaşadığı evin yanından keçən Hacalıkənd-Qaraman-Ləkçıplaq avtomobil yoluna asfalt döşənərkən ərazidə genişləndirmə işləri görülüb. Bu zaman həyətyanı sahənin çəpəri texnika ilə dağıdılıb. Tikinti işlərindən sonra həyətin kənarı açıq saxlanılıb. Bu səbəbdən naməlum şəxslər rahat şəkildə evə daxil olaraq mənzildəki əşyaları oğurlayıblar. Evdə yaşayış olmamağından istifadə edən oğrular hətta mənzilin qapı-pəncərələrini, döşəməsini, pilləkənini, həyətdəki çardağın şiferlərini belə söküb aparıblar. Neçə gündür ki, çəpəri olmayan bu həyətdə kənd sakinlərinin mal-qarası otladığı üçün meyvə bağı da tələf olub. Süsən Hümbətova Bakıda valideyni olmayan tələbələrin yataqxanasında qaldığını və dərs olmadığı üçün Göyçaya qayıtdığını deyib. Hər iki valideyni vəfat edən bu qız dayısının qəyyumluğu ilə böyüyüb və indi onun 20 yaşı var. Dağıdılmış evində isə hal-hazırda yaşamaq üçün heç bir şərait olmadığını bildirib və televiziyamız vasitəsilə aidiyyəti qurumlardan yardım istəyib.

     Süsən Hümbətova hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 Çağrı mərkəzinə  və Göyçay Rayon İcra Hakimiyyətinə müraciət etdiyini bildirib. Tələbə qız onun evini dağıdaraq talan edən şəxslərin cəzalandırılmasını və ona evində yaşamaq üçün şərait yaradılmasını istəyir.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun