Əhalinin sağlamlığının qorunmasının və infeksiyasının rayonda yayılmasının qarşısının alınması məqsədilə rayonda tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər davam edir. Çoxmənzilli yaşayış binalarının giriş blokları və pilləkənləri, fərdi yaşayış evlərinin həyatyanı sahəsinin giriş-çıxış hissəsi, küçələr texnika vasitəsilə dezinfeksiya edilir. Epidemioloji durum rayon icra hakimiyyəti tərəfindən ciddi nəzarət altında saxlanılır və təxirəsalınmaz profilaktik tədbirlər həyata keçirilir. Könüllülər və gənclər tərəfindən sakinlərə bukletlər paylanılıb. Şəhərin mərkəzi küçə və prospektlərində elanlar yapışdırılaraq koronavirus infeksiyasına yoluxmamaq üçün maarfləndirmə tədbirləri aparılıb.
Tək yaşayan ahıllara evlərindən çıxmamaq qadağasına riayət etmələri üçün zəruri gündəlik təlabatları ödənilir. Könüllülər ahıl vətəndaşları qoruyucu maska və əlcəklər, həmçinin spirt məhlulu ilə təmin edib. Belə çətin anlarda şəhid ailələri də qayğıdan kənarda qalmayıb. Könüllülər şəhid anasını ziyarət edərək ev işlərini görüb və sovqatlar aparıb.
Görülən işlərdən rayon sakinləri yüksək məmnuniyyət duyduqlarını bildirib. Qeyd edək ki, Göyçay polisi gücləndirilmiş iş rejimində çalışır və karantini pozan şəxslərə qarşı xəbərdarlıq və cəza yöntəmləri tətbiq olunacaqdır.
VAHİD FƏXRİ SPACE TV.