Görüş barədə razılığa gəlinib

  • SpaceTV
  • 23 Avqust 2019 16:01

ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə davamlı həllində tərəflərə kömək etməyə qətiyyətli şəkildə sadiq olaraq qalır. ATƏT-in Kommunikasiya və Media Əlaqələri Departamentindən verilən məlumatda bildirilir ki,  Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri həmsədrlərin himayəsi altında yaxın vaxtlarda yenidən görüşmək barədə razılığa gəliblər.

“Tərəflər, adətən, belə görüşün təfərrüatlarını eyni vaxtda və müvafiq zamanda, görüşdən bir neçə gün əvvəl elan edirlər”, – deyə məlumatda qeyd olunur. Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Paylaş

 Xəbəriniz olsun