Goranboyda qədim qəbirlər

  • Space TV
  • 26 Dekabr 2019 15:56

Goranboyun  hazırda 4 (dörd)  min nəfərdən çox əhalisi olan Borsunlu kəndi rayonun ən iri yaşayış məntəqələrindən biridir. Borsunlu həm də tarixi yerləri ilə seçilir. Buradakı məscid, bu bölgədə kənd yerləri üçün ən iri məsciddir və onun 120 (yüz iyirmi) yaşı var. Böyük olduğundan Sovet dövründə ondan mədəniyyət klubu kimi istifadə olunub. Amma Borsunlunun ən qədim tarixi məkanı kəndin kənarından keçən yol üstündəki qədim məzarlıqdır.

Bu qəbristanın yaşının 2 (iki) min ili ötdüyü bildirilir. Bu məkanda söhbətləşdiyimiz tarixçi  də  qeyd edir ki, buradakı bəzi qəbirlərin qalıqlarının quruluş xüsusiyyətləri  və üstündəki işarələr  onların yaşının islamdan xeyli qabaqkı dövrlərə aid edilməsinə əsas verir .

Qəbristanın ərazisində həmçinin islamdan sonrakı dövrlərə aid yazılı və naxışlı qəbir daşları və türbələr də çoxdur. Həmsöhbətimiz həmçinin kəndin adının mənşəyinin  alimlərimizin tədqiqatlarında  “Bursa-Hun”, yəni “Bursa hunları” kimi xarakterizə edildiyini də bildirdi. Bütün bunlar göstərir ki, neçə yüzillik və minilliklərin tarixinin yatdığı bu məkanın  daha ətraflı tədqiqatlara ehtiyacı var.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun