GİKM gənclər arasında narkomaniya və erkən nikahlar əleyhinə kampaniya aparır

  • Space TV
  • 18 Fevral 2021 17:35

Daxili İşlər Nazirliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Biləsuvar nümayəndəliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə narkotik maddələrin zərəri, erkən nikah problemləri barədə rayon gəncləri ilə maarifləndirici onlayn görüş keçirilib.

Digər təşkilatçılar sırasında GİKM-in Cəlilabad, Masallı, Lənkəran, Yardımlı, Lerik və Neftçala nümayəndəlikləri də var.

Keçirilən onlayn görüşdə DİN-nin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev də iştirak edib.

Görüş GİKM-nin Biləsuvar nümayəndəliyinin direktoru Səbinə Hüseynzadənin çıxışı ilə başlayıb. Çıxış zamanı S.Hüseynzadə bildirib ki, Azərbaycanın gələcəyi olan gənclərin sağlam ruhda böyüməsi üçün birinci növbədə zərərli vərdişlərdən, bəşəriyyətin bəlasına çevrilən narkomaniyadan, erkən nikahdan uzaq olmalıdırlar.

Daha sonra E.Hacıyev deyib ki, narkomaniya narkotik maddələrdən psixi asılılıq yaradan xəstəlikdir. Bu xəstəliyə tutulmuş şəxslər özlərini cəmiyyətdən təcrid edirlər. Polis mayoru narkomaniyanın qlobal təhlükəsizliyə, cəmiyyətin inkişafına maneə törədən ən ciddi problemlərdən biri olduğunu vurğulayıb və gənclərin bu zərərli vərdişlərdən uzaq olmağını tövsiyə edib.

Görüşün digər mövzusu “Erkən nikah və onun fəsadları” olub. Azərbaycan Respublikasının qanunvericiliyinə görə erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır. Həmçinin məlumat verilib ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa, eləcə də 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyaya görə, tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Gənclərə erkən nikahların, ailə quran şəxslərə, onların uşaqlarına, ümumilikdə isə ailə quruluşuna və bütövlükdə cəmiyyətə mənfi təsir göstərməsi haqqında geniş məlumat verilib. 

Görüş zamanı E.Hacıyev gənclər tərəfindən ünvanlanan sualları da cavablandırıb. Çıxışın sonunda isə E.Hacıyev müstəqil dövlətimizin gələcəyi olan gənclərin hərtərəfli inkişafı, sağlam düşüncəli və vətənpərvər ruhda yetişdirilməsi üçün hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının əlindən gələni əsirgəməməli olduğunu vurğulayıb.

Paylaş

 Xəbəriniz olsun