“General Aslanov” gəmisi təmir olunaraq istismara qaytarılıb

  • Space TV
  • 5 Oktyabr 2020 16:21

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid və xarici sularda üzən “General Aslanov” quru yük gəmisinin əsaslı təmiri başa çatıb.

Bu barədə Spacetv.az-a ASCO-dan bildirilib.

Məlumata görə, təmir prosesi “Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib. Burada gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri (nasosları) təmir olunub. Eyni zamanda, gəmidə yük anbarlarının qapaqları, qapaqların qaldırılması üçün istifadə olunan yük kranı elektrik idarəetmə sistemi ilə birlikdə sazlanıb. Eyni zamanda, gəmi üzrə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb.

Bundan başqa, gəminin sualtı və suüstü hissələri abraziv qumla tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.

Təmir başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və dənizçilərin ixtiyarına verilib.

“General Aslanov” quru yük gəmisi yenidən Xəzərdənkənar sularda yükdaşımalara cəlb edilib. Gəmi Türkmənistanın Bektaş limanından yük götürərək Türkiyənin Gebze limanına doğru yola düşəcək.

“General Aslanov” gəmisi 2016-cı ildən Azərbaycan bayrağı altında xarici sularda üzür. Uzunluğu 108,33 metr, eni 16,74 metr olan üzən vasitə 5200 ton yükgötürmə qabiliyyətinə malikdir.

Paylaş

 Xəbəriniz olsun