Gənclər Təşkilatları Milli Şurası media mövzusunda vebinar keçirib

  • Space TV
  • 29 Yanvar 2021 13:46

Gənclər Təşkilatları Milli Şurası (NAYORA) gənclər təşkilatlarının media ilə əlaqələrinin gücləndirilməsi və təşkilatların fəaliyyətlərinin daha çox gənci əhatə etməsi məqsədi ilə 28 yanvar tarixində vebinar təşkil edib.

Bu barədə Gənclər Fondunun yaydığı məlumatda qeyd olunub.

“Gənclər təşkilatlarının mediada fəaliyyəti” mövzusuna həsr olunan vebinarda televiziya aparıcısı və eyni zamanda Azərbaycan Respublikasının Gənclər Fondunun mətbuatla əlaqələr üzrə katibi Turanə Hüseynli öz təcrübə və tövsiyələrini iştirakçılar ilə bölüşüb.

Medianın yeni reallıqda rolunu nəzərə alaraq təşkil olunmuş vebinarın əsas hədəfi gənclər təşkilatlarının media ilə bağlı bilik və bacarıqlarının inkişaf etdirilməsi ilə gənclər təşkilatlarının kütləvi informasiya vasitələri ilə əlaqələrinin möhkəmləndirmək, media ilə əlaqələrinin qurulmasında təşkilat nümayəndələrinin şəxsi bacarıqlarını inkişaf etdirmək və bununla da gənclər təşkilatlarının daha çox gənci əhatə edərək fəaliyyətlərini stimullaşdırmaqdır.

Vebinarda media ilə əlaqələrin vacibliyi, dolğun press relizlərin yazılma qaydası və verilişlərdə çıxışlar zamanı diqqət yetirilməli olan məqamlara toxunuldu, gənclər təşkilatlarının kütləvi informasiya vasitələrində düzgün təbliği məsələləri müzakirə olundu. 

Görüşdə gənclər təşkilatlarının sualları da cavablandırıldı və təklifləri dinlənildi.

Azərbaycanın aparıcı gənclər təsisatı olmaqla öz ətrafında 133 gənclər təşkilatını birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) ölkə gəncləri və təşkilatlarının yeganə konfederativ strukturu, vahid koordinasiya və əməkdaşlıq mərkəzi olmaqla onların beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur. Gənclər Təşkilatları Milli Şurasının əsas fəaliyyət istiqaməti öz tərkibinə daxil olan gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaqdır. 

Paylaş

 Xəbəriniz olsun