“Gələn il pensiya və maaşlar artacaq” – Hadı Rəcəbli

  • SpaceTV
  • 15 Noyabr 2019 18:06

“2020-ci ilin ilkin büdcə müzakirələri bir daha onu göstərdi ki, təkcə 2019-cu il yox, qarşıdan gələn bütün illər rəqəmlərin diliylə desək, zaman-zaman sosial siyasətin yaxşılaşdırılması və müdafiənin daha da gücləndirilməsi illəri olacaq. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə olaraq gələnilki büdcəmiz təxminən 27 mlrd manat təşkil edəcək. Bu maliyyə toplumunun böyük bir hissəsi 39.5%-i bilavasitə sosial məqsədlərə yönələcək”.

SPACE TV  xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək, sosial və siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Komitə sədri gələn il üçün sosial müdafiənin güclənməsinə yönəlmiş bəzi rəqəmləri bir daha yada salmaq istədiyini bildirib:

“Təkcə əhalinin məşğulluq imkanlarının artırılması sahəsində aparılacaq tədbirlərə gələn il bu ilə nisbətdə 44% çox vəsait ayrılır. Ünvanlı dövlət sosial yardımları üçün 2019-cu ilə nəzərdə tutulmuş vəsaitlərin həcmi gələn il 30% artırılacaq və bu hesaba əlavə 13 min ailənin müavinət almaq imkanları artacaqdır. Belə ailələrin sayı 90 mini ötəcək.

Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci ilə olan büdcəsi artıq bir neçə müddətdir ki, bizə paylanılıb. Bu istiqamətlərlə və rəqəmlərlə tanış olmuşuq. Bir də xatırladıram ki, gələn il üçün bu büdcədə 4mlrd 825mln 508min 800 manat vəsait nəzərdə tutulub ki, bu da əvvəlki illə müqayisədə 697,41 mln manat və ya 17% çoxdur. Təkcə onu demək kifayətdir ki, bu büdcənin tərkibində transfertin həcmi 2012-ci ildə mövcud olan 42%-dən gələn il üçün 29%-ə enərək, 1 mlrd 427 mln manat təşkil edəcək. Onu da qeyd edim ki, bu büdcənin artan böyük məbləği məhz DSMF-nin öz imkanları hesabına toplanacaq”.

Hadı Rəcəbli qeyd edib ki, prezidentiin apardığı struktur islahatların səmərəsi nəticəsində qeyri-leqal məşğulluğun bu il təxminən 160 min nəfərinin sığortaya cəlb olunması büdcənin artımında özünü kəskin surətdə göstərə bilib ki, bu da sevindirici haldır:

“Ehtimallar var ki, bu artımlar gələn il də çoxalacaq və DSMF əlavə vəsaitlərin toplanmasında mühüm rol oynayacaq. Rəqəmlər bir daha onu deməyə imkan verir ki, gələn il pensiyaların və əmək haqqlarının artım tempi yerində saymayacaq və davamlı surətdə çoxalacaq.

Bir önəmli məqamı da xüsusi vurğulamaq istəyirəm. DSMF-nin xərclər qrafasında bu il üçün nəzərdə tutulmuş vəsaitlərin səmərəli istifadə edilməsi də təqdirə layiqdir.

Əhaliyə göstərilən yüksək xidmət, yaradılan şəffaflıq, operativlik, müraciət edənlərin məmnunluğu bu qurumun həm də DOST xidməti vasitəsilə gördüyü təqdirəlayiq işlərdəndir. Pensiyaların elektron qaydada ödənilməsi texnologiyası və bununla yanaşı, artıq müavinətlərin 14 növünün bu qaydada paylaşılması məmur-vətəndaş təmasının sıfıra yaxınlaşmasına imkan yaradır.

Bir məsələni də xüsusilə vurğulamaq istəyirəm, son bir il ərzində bu qurum əhaliyə informasiya çatdırılması, sual-cavab təminatına geniş miqyasda şərait yaradıb, hər bir vətəndaşa çatmaq üçün təbliğat mexanizmlərindən təqdirə layiq istifadə edə bilib. Belə ki, bu məqsədlər üçün saytlar, internet səhifələri yaradılıb və əhalini düşündürən suallara bu yolla operativ, təcili və dəqiq cavab tapıla bilinir. Açığını deyim ki, bu qəbildən parlamentə daxil olan şikayət və ərizələrin də sayı son vaxtlar xeyli azalıb”.

Komitə sədrinin sözlərinə görə, komitə iclasında aparılan geniş müzakirələrdə bütün müsbət məqamlar və prezidentin bu sahədəki qarşıya qoyduğu vəzifələrin nazirlik tərəfindən uğurla həyata keçirildiyi xüsusi vurğulanıb:

“Bununla yanaşı bir sıra problem və uyğunsuzluqlara da diqqət cəlb edildi. Belə ki, əlilliyin müəyyələşdirilməsiylə bağlı nazirliyin yaratdığı elektron sistem son vaxtlar bəzi boşluqlarıyla və narahat görüntüləriylə sual doğurur. Çıxışlarda səsləndi ki, səhiyyə orqanları tərəfindən sənədlərin verilməsində pərakəndəliyin və sistemsizliyin mövcudluğu da buna səbəb olur.

Düşündürən bir statistikanı da diqqətə çatdırmaq istərdim. 2017, 2018, 2019, 2020-ci illərdə Həmkarlar Konfederasiyasına idman cəmiyyətləri üçün nəzərdə tutulmuş vəsaitlərinin hətta əmək haqqı göstəriciləri belə demək olar ki, tamamilə dəyişməyib. Nəzərə alsaq ki, bu illərdə ölkəmizin idman uğurları xeyli artıb və minimum əmək haqqı bütün sistemlərdə çoxalıb, bu göstəricinin artırılmasına böyük ehtiyac var. Onu da deyim ki, bunun üçün çox kiçik bir məbləğ vəsait tələb olunur.

Komitə iclasında qaldırılan bir sıra sual və təkliflərə hörmətli nazir Sahil Babayev cənabları ətraflı və hərtərəfli cavablar verdi, nöqsanların səbəblərini açıqladı, görüləcək gələcək islahatlardan danışdı”.

Paylaş

 Xəbəriniz olsun