Fransanın keçmiş prezidenti hakim qarşısına çıxır

  • SpaceTV
  • 23 Noyabr 2020 14:44

Fransanın eks-prezidenti Nikola Sarkozi korrupsiya və ticarət dövriyyəsi ittihamı ilə bu gün hakim qarşısına çıxacaq.

Spacetv.az xəbər verir ki, Pravda.ru-nun məlumatına görə, o, müasir Fransanın müttəhim kürsüsünə oturan ilk keçmiş prezidenti olacaq.

Xatırladaq ki, N.Sarkozi Fransaya 2007-2012-ci illərdə rəhbərlik edib.

Fransalı müstəntiqlərin Sarkozinin seçki kampaniyası ilə əlaqəli korrupsiya iddialarını araşdırması bir neçə il çəkib.

O, “L’Oreal”ın sahibi Lilian Bettankurun “gizli ianələr”ini istifadə etməklə yanaşı, 2007-ci il prezidentlik kampaniyasını maliyyələşdirmək üçün Liviyadan (o zaman Müəmmar Qəddafi hakimiyyətdə idi) milyonlarla avro almaqda şübhəli bilinir.

Bundan əlavə, prokurorluq Sarkozi və onun o zamankı vəkili Tierri Hersoqun davam edən istintaq haqqında məlumat almaq üçün Jilber Aziberə (keçmiş baş prokuror – red.) rüşvət verməyə çalışaraq Monakoda prestijli bir iş təklif etdiyi iddia olunur.

2018-ci ildə Nikola Sarkozi korrupsiyada, qanunsuz kampaniya maliyyələşdirilməsində və dövlət vəsaitlərinin mənimsənilməsindən qazanc əldə etməkdə və 2020-ci ilin oktyabrında “sui-qəsddə iştirakda” günahlandırılıb.

Sarkozi özü isə ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.

Paylaş

 Xəbəriniz olsun