Feyxua yığımına başlanılıb

  • SpaceTV
  • 25 Oktyabr 2019 15:02

Astaranın Siyəkü kəndində sitrus bağlarının çox hissəsini feyxoa bağları təşkil edir. Məhsul yığımı bu ayın əvvəlindən başlayıb və noyabr ayının sonlarına qədər davam edəcək. Hazırda bağlardan tez yetişən Svetlıy, Nikitskiy və Pervenets sortları yığılır. Lakin təsərrüfatçıların əsas qazancı yığımın ilk dövrlərində – feyxoanın qiymətinin yüksək olan vaxtlarında olur. 1 hektara yaxın feyxoa bağı olan Əbdülhüseyn Həbibov deyir ki, ötən ilə nisbətən bu ilki qiymət onun gözlədiyindən xeyli aşağıdır. Fermer ənənəvi olaraq bir kiloqramını 1 – 1.50 manata satdığı feyxoanı bu il 30-40 qəpiyə, xırda məhsulu isə hətta 10 qəpikdən yerində satdığını deyir. 

Bu il feyxoanın qiyməti ucuz olduğu üçün meyvələr vaxtında ağaclardan yığılmadığına görə yerə tökülərək xarab olub. Nəticədə fermerlərə xeyli ziyan dəyib.

Təsərrüfat sahibləri deyir ki, məhsul yalnız iki halda sərfəli qiymətə satıla bilər. Xarici bazarlara ixrac edildikdə və ya meyvə şirəsi istehsalat sexləri olduqda. Bunların olmadığı indiki halda isə vəziyyət heç cür onları qane etmir. Fermerlər əlacsız qalıb məhsulu bütünlüklə yerli bazara çıxarırlar. 

Qeyd edək ki, Astarada olan 3835 hektar sitrus meyvə bağlarının 750 hektarı feyxoa bağlarıdır.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun