Fənn olimpiadaları üçün şagirdlər seçildi

  • SpaceTV
  • 18 Yanvar 2021 12:26

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Respublika fənn olimpiadalarına hazırlıq məqsədilə sınaq yoxlamaları və monitorinqlər keçirilib.

İdarədən bildirilib ki, Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi iştirakçılarının tərkibinin müəyyənləşdirilməsi məqsədilə onlayn şəkildə təşkil edilən məktəb mərhələsində VIII-XI sinif şagirdləri iştirak edib.

Məktəb mərhələsində şagirdlər Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə biliklərini sınayıblar. İlk turda yaxşı nəticə göstərən məktəblilər Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsində iştirak etmək şansı qazanıb.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkara çıxarmaq, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən məktəblilərin potensial imkanlarını inkişaf etdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün əlverişli zəmin yaratmaqdan ibarətdir.

Paylaş

 Xəbəriniz olsun