Evi qurbağaların hücumuna məruz qalıb -FOTO

  • SpaceTV
  • 25 Sentyabr 2019 15:58

Lənkəran sakininin başına maraqlı hadisə gəlib. Onun evi qurbağaların hücumuna məruz qalıb.

“Space” – in bölgə müxbiri məlumat verir ki, Lənkəran rayonu Liman şəhər sakini Məzahir Musayev 6 gündür ki, qəribə hadisə ilə üzləşib. Belə ki, onun yaşadığı evin həyəti qurbağa ilə dolub.  Ev sahibinin sözlərinə görə, onun 32 yaşı var və həyatında ilk dəfədir belə halla rastlaşır. Qurbağalar yalnız hava qaralandan sonra onun həyətinə doluşmağa başlayır. Səhər isə ətrafda bir dənə də olsun qurbağaya rast gəlmək mümkün olmur.

Məzahir Musayev deyir ki, xırda qurbağalar təkcə ona yox, ətrafdakı qonşulara da problemlər yaradır. Hətta ərazidən keçən avtomagistral yol belə gecə saatlarında qurbağalarla dolu olur.

Məzahir Musayev bu halın baş verməsinə görə çox narahatdır, çünki axşam saatlarında ərazini qurbağalar basanda həyətə düşmək olmur.

Çəkiliş apardığımız zaman hava yağışlı və küləkli olduğundan bu hala rast gəlmədik. Amma ev sahibi bildirdi ki, hava küləkli olmasaydı, həyət yenidən qurbağalarla dolacaqdı. Bioloqlar isə  ehtimal edirlər ki, qurbağaların yaxınlıqda yerləşən gölməçədə kürü tökməsi, böyüdükdən sonra isə onların su hövzəsinə sığmamaları belə bir nəticələrə yol açır.

Rövşən Almazoğlu Space

Paylaş

 Xəbəriniz olsun