Ermənistanın azərbaycanofobiyası – VİDEO

  • Space TV
  • 21 Avqust 2020 15:43

“Gəncə ilə bağlı ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış cinayətkar rejim tərəfindən səsləndirilən bəyanat Ermənistanın ölkəmizə qarşı təcavüzünün, nifrətinin, azərbaycanofobiyanın növbəti təzahürüdür”. Bunu spacetv.az saytına açıqlamasında, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyev deyib: “Təcavüzkar Ermənistan Azərbaycana qarşı hədə və təhdidlərini davam etdirir. Son günlər belə bir təhdid Azərbaycanın tarixi şəhəri Gəncənin vurulacağı ilə bağlı yayılıb.  Gəncə şəhərinin hədəf seçilməsi Ermənistanın insanlıq əleyhinə yönəlmiş təhlükəli siyasətindən xəbər verir. Bir tərəfdən Gəncənin mülki əhalisini qırğına məruz qoymaqla təhdid edən bu ölkə, digər tərəfdən işğal etdiyi ərazilərimizdə yaşayan “mülki əhalinin qorunması” üçün yeraltı sığınacaqlar tikir. Bu onu göstərir ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və ölkəmizə qarşı yeni hücumlar üçün fürsət və bəhanələr axtarır”.

Tural Gəncəliyev bunun son günlərdə yayılmış Ermənistanın milli təhlükəsizlik strategiyası sənədində də öz təsdiqini tapdığını deyib: “Bəşəriyyət tarixində mühüm rolu olmuş qədim sivilizasiyanın məhv olmasına sevinən Ermənistan rəhbərliyindən ayrı nəsə gözləmək mənasızdır. İşğalçı Ermənistan dağıtdığı, məhv etdiyi həyat və irsimiz üzərində də öz “rifahını” qurmağa çalışır”.

İctimai Birlik sədri Azərbaycanın  münaqişənin danışıqlar yolu ilə həllinə sadiq olduğunu bir daha vurğulayıb: “Biz münaqişənin danışıqlar yolu ilə həllini istəyirik və Dağlıq Qarabağın erməni icmasının azərbaycanlı icması ilə bərabər ölkəmizin ərazi bütövlüyü çərçivəsində sülh şəraitində birlikdə yaşamasını dəstəkləyirik”.

Paylaş

 Xəbəriniz olsun