Ermənistan təxribatları sahibkarlara milyonlarla manat ziyan vurub – FOTO

  • SpaceTV
  • 30 Oktyabr 2020 15:26

Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini raket atəşinə tutması nəticəsində sahibkarlıq subyektlərinə ciddi ziyan dəyib, Bərdəyə hərbi təxribatı nəticəsində həlak olanlar arasında sahibkarlar da var.

Spacetv.az xəbər veirr ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Vergi Xidmətinin Baş idarə rəisi, vergi ombudsmanı Elçin Məmmədov və hər iki qurumun məsul əməkdaşları Sahibkarlara dəymiş zərərlə yerində tanış olmaq məqsədilə oktyabrın 30-da Bərdə şəhərində olublar.

Görüşdə qeyd edilib ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdənin əhalinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazini raket atəşinə tutması nəticəsində ilkin məlumatlara əsasən ticarət, ictimai iaşə və xidmət sahələrində fəaliyyət göstərən 30-a yaxın sahibkarlıq subyektinə ziyan dəyib.

Ermənistanın Bərdə şəhərinə hərbi təxribatı nəticəsində həlak olanlar arasında sahibkarlar da var. Hadisə baş verdiyi gündən KOBİA-nın yerli nümayəndələri tərəfindən sahibkarlara dəymiş ziyanın müəyyənləşdirilməsi və onlara ilkin dəstəyin göstərilməsi üçün müvafiq tədbirlər görülür.

Ümumilikdə isə indiyədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə Ermənistanın hərbi təxribatı nəticəsində heyvandarlıq, əkinçilik, ticarət, ictimai iaşə və istehsal sahələrində fəaliyyət göstərən 300-ə yaxın sahibkarlıq subyektinə ziyanın dəyməsi barədə məlumatlar daxil olub.

Müraciətlər əsasən ölkənin 9 şəhər və rayonunu, o cümlədən Gəncə və Naftalan şəhərlərini, Ağdam, Füzuli, Tərtər, Beyləqan, Bərdə, Cəbrayıl və Ağcabədi rayonlarını əhatə edir.

Ermənistan silahlı qüvvələrinin cəbhəyanı bölgələrlə yanaşı, cəbhədən kənarda yerləşən rayon və şəhərləri atəşə tutması nəticəsində sahibkarlıq subyektlərinin fəaliyyəti ya tamamilə dayanıb, ya da onlar əhəmiyyətli dərəcədə maliyyə itkiləri ilə üzləşiblər. İlkin hesablamalara görə sahibkarlara dəymiş ziyan milyonlarla manat həcmindədir.

Paylaş

 Xəbəriniz olsun