Ermənistan hakimiyyəti bu təxribatlarla diqqəti ölkə daxilindəki böhrandan yayındırmaq məqsədini güdür

  • SpaceTV
  • 14 İyul 2020 15:02

Ermənistan hərbi bölmələrinin iyulun 12-dən başlayaraq növbəti dəfə təxribata əl atması – Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirməyə cəhd göstərməsi bəzi suallar doğurur. Bu sualların bir çoxu Ermənistanın təbəddülat, böhran yaşayan daxili siyasətinin əsas iştirakçılarına yönlənib. Əslində, bizim ən vacib sualımız Ermənistanın niyə və nə üçün təxribat etməsi ilə bağlı deyil. Çünki təxribat törətməyin Ermənistanı idarə edənlərin xarakterik xüsusiyyəti olduğunu biz artıq çoxdan qəbul etmişik.

Ermənistan tərəfindən yaradılmış hər hansı suala ən yaxşı cavabı Azərbaycan Silahlı Qüvvələri verib, verir və verəcək. Biz Azərbaycan Ordusunun qələbə əzminin çox yüksək olduğunu çox da uzaq olmayan tarixdə – 2016-cı ildə Lələtəpə istiqamətində gedən Aprel döyüşlərində gördük. Sonra biz bunu 2018-ci il mayın sonlarında Günnüt istiqamətində görmüşük və bu günlərdə Tovuzda gördük. Bütün bu deyilənlərlə yanaşı, düşmənin Tovuz istiqmətindəki təxribatı hansısa sual yaratdısa, yubanmadan o sualın cavabları da meydana gəlmiş oldu.

Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva SPACE TV-a açıqlamasında söyləyib.

Komitə sədri deyib: “Əsas cavab ondan ibarətdir ki, artilleriya qurğularından istifadə edərək hücuma keçməyə cəhd edən düşmən Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlələrlə geri oturduldu, canlı qüvvə və hərbi texnika sarıdan ciddi zərər gördü. Bizim ordunun cavab tədbirləri məhz cavab tədbirləri olub, adekvat xarakter daşıyır. Beləliklə, düşmən özü törətdiyi təxribatın cavabını aldı, cəzasını çəkdi. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videomaterialdan da göründüyü kimi, Silahlı Qüvvələrimiz Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib”.

Qənirə Paşayeva bildirib ki, respublikamızın beynəlxalq mövqelərinin güclənməsi, diplomatik uğurlarımız, dövlət başçımızın irəli sürdüyü qlobal təşəbbüslərin məhz qlobal miqyasda da dəstəklənməsi şübhəsiz ki, Ermənistanı ciddi narahat edir. Özü də bu narahatlıq yalnız Ermənistanda qalmır, erməni lobbisini, bütün ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri də əhatə edir. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının virtual Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanın və onun havadarlarının narahatlığını daha da artırıb. Özü də hadisələr zənciri, necə deyərlər, yalnız bir-iki halqa ilə şərtlənmir, o, özündə tam bir sistem, qanunauyğunluq ehtiva edir. Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münxen Təhlükəsizlik Konfransında və digər tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini və faşist simasını faktlarla və sübutlarla ifşa etməsi işğalçı ölkəni cavabı çətin suallar qarşısında qoyub. Üstəlik, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi Ermənistanın və xarici ermənipərəst dairələrin təşvişini artırıb.

Deputat qeyd edib ki, Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındırmaq, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi – siyasi, iqtisadi və üstəgəl koronavirus böhranını azaltmaq məqsədi güdür. Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə bağlı dərin böhran yaşandığı danılmaz faktdır. Böhranla yanaşı, korrupsiya, qaçaqmalçılıq, insan hüquq və azadlıqlarının boğulması, azad sözə qarşı repressiyaların tətbiq edilməsi və s. “demokrat libaslı işğalçı” Paşinyanın hökumətini mürəkkəb duruma salıb.

Deputatın sözlərinə görə, Azərbaycanın dövlət sərhədi boyunca törədilən hərbi təxribat Paşinyan hakimiyyətinə “xarici düşmən” mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxarmağa hesablanıb. “Mütaliəli” Paşinyan görünür son vaxtlar Nikola Makivellinin ziddiyyətli mühakimələrinin təsiri altındadır: “Məncə, bu sözlər Makivelliyə aiddir: “tabe olanlar bilməlidirlər ki, öz liderlərindən nə gözləyirlər və anlamalıdırlar ki, liderləri onlardan nə gözləyir?”. Düşünürəm ki, hazırda, nə Paşinyan, nə də onun ideya-siyasi, ideoloji xəttinin davamçıları bu Makivellinin sualına cavab vermək durumunda deyil. Çünki bu siyasətdə nə parlaq ideya, nə konsturktiv həll yolu, nə əsaslı ideoloji xətt var. O hansı elmi baxış, ideoloji-siyasi əsaslandırma, politolji tezisdir ki, orada demokratiya ilə terrorçuluq, işğala haqq qazandırma bir arada tutulsun və ya o hansı itqisadi əsasdır ki, Paşinyan onun əsasında həm Ermənistanı çiçəkləndirəcək, əhalinin rifahını təmin edəcək, həm də, Qarabağın işğalını davam etdirə biləcək? Belə bir iqtisadi əsas, yoxdur!”

Mədəniyyət komitəsinin sədri növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyətinin indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışdığını deyib. Ermənistan hakimiyyətinin uydurmaları, itkilər haqqında məlumatları gizlətməsi ölkə ictimaiyyətində ciddi narazılıq doğurub. Artıq Ermənistanda etiraz aksiyaları başlayıb, ictimai fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini sərt tənqid edir.

“Bilirziniz ki, mən Tovuz rayonundan Milli Məclisə deputat seçilmişəm və hadisə barədə məlumat aldıqdan sonra Tovuza gəlmişəm. İstər rayon rəhbərliyi, Müdafiə Nazirliyinin rəsmiləri ilə apardığım söhbətlər, istərsə də rayona gəldikdən sonra öz gözlərimlə gördüklərim məndə bir daha əminlik yaratdı ki, düşmən təxribatları ilə nəinki istədiyi nəticəni əldə etməyib, əksinə, hesablamadığı itkilər, rüsvayçılıq qazanıb.

Bizim güclü ordumuz var. İndi XX yüzilliyin 90-cı illəri deyil, artıq vətəndaşlarımız özünümüdafiəyə məcbur qalmır. Hazırda xaotik təşəbbüslərə ehtiyac olmadığı hər kəs tərəfindən qəbul edilməlidir. Bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri heç bir zərurətə söykənmir. Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. İndi çağırışları, təşəbbüsləri dövlət siyasətinə uyğun şəkildə etmək, rəsmi məlumatlara etibar etmək lazımdır. Cəbhənin Tovuz istiqamətində şəhid olan hərbçilərimizə Tanrıdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Bayrağımız uca olsun”, – deyə Qənirə Paşayeva fikirlərini yekunlaşdırıb.

Paylaş

 Xəbəriniz olsun