Ermənistan faktı etiraf edib

  • SpaceTV
  • 13 Avqust 2019 12:18

Ermənistanın Müdafiə Nazirliyi hərbi qulluqçunun Azərbaycan ərazisinə keçməsi faktını etiraf edib. Bu barədə Ermənistan KİV ölkənin  Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

 “Avqustun 12-də, təxminən saat 12 radələrində  Müdafiə Ordusunun bölmələrindən birinin mühafizə zonasından cənub-şərq istiqamətində, hələlik aydınlaşmamış səbəbdən 2000-ci il təvəllüdlü hərbi qulluqçu Araik Kazaryan döyüş mövqeyini tərk edib”.

 “Sputnik Ermənistan” yazır ki, Araik Kazaryan orduya 2019-cu ilin yanvarında çağrılıb. O, Vayotsdzor bölgəsinin Yexeqis kəndindəndir. Onun Ermənistan Silahlı Qüvvələrinin sıralarında müqavilə üzrə xidmət edən bir qardaşı var.
Azərbaycan  Müdafiə Nazirliyi Mətbuat xidmətindən  verilən məlumata görə, Avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb. İlkin dindirilmə nəticəsində müəyyən olunub ki, düşmən hərbiçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir. Erməni hərbi qulluqçu Kazaryanın uzun müddət ərzində dəfələrlə komandirləri və digər hərbi qulluqçular tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalması onun baş nahiyəsindəki hematomaları və bədənindəki yaralardan da aydın görünür. Hazırda  erməni fərariyə tibbi yardım göstərilir. Hadisənin araşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir

Paylaş

 Xəbəriniz olsun