Ermənilər italiyalı senatoru ölümlə hədələyirlər

  • Space TV
  • 23 Dekabr 2020 16:43

“Öz təəssüratlarımızı ifadə etdiyimizə görə bizi ölumlə hədələyənlər mənə sülh istəyən təəssüratı bağışlamırlar”.

Spacetv.az xəbər verir ki, bunu İtaliya Senatının üzvü Maria Rizzotti deyib.

O, İtaliya parlament nümayəndə heyətinin tərkibində dekabrın 5-dən 7-dək Azərbaycanda səfərdə olub. Senator ölkəsinə döndükdən sonra “Strumenti Politici” saytına müsahibə verərək səfər haqqında fikirlərini bölüşüb, habelə səfərdən sonra İtaliya parlamentarlarına qarşı ermənilər tərəfdən edilən təzyiq və təhdidlərdən danışıb.

“Nümayəndə heyəti üzvlərinə hər gün ünvanlanan təhdidlər məni həqiqətən narahat edir və bununla polis məşğul olacaq. Öz təəssüratlarımızı ifadə etdiyimizə, parlament üzvü kimi o ərazilərə səfər etdiyimizə görə bizi ölumlə hədələyənlər mənə o qədər də sülhə meyilli və sülh istəyən təəssüratı bağışlamır. Sizə təkrar edirəm, bununla polis məşğul olacaq, təhqir və həqarətin sosial şəbəkələrə xas bir şey olduğunu bilirik, fiziki təhdidlər isə başqa şeydir və tam fərqlı bir kontekstə aiddirlər”, – italyan senator vurğulayıb.

Səfərin məqsədləri barədə suala cavab verən senator nümayəndə heyətinin missiyasının məhz araşdırma və sülh məqsədi daşıdığını deyib. “Bilirəm ki, Ermənistanın vətəndaşları Ermənistan hökumətinin sülh seçiminə etiraz edirlər və bu, təbii ki, yaxşı bir işarə deyil. Azərbaycan hökuməti, Prezident İlham Əliyevlə keçirdiyimiz görüş zamanı, o bir daha qeyd etdi ki, Ermənistanın işğalından azad olunan bütün ərazilərdə azərbaycanlılar ermənilərlə sülh və dinc şəraitdə yaşaya bilərlər. İllər ərzində Avropa Şurası, NATO və BMT Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılması barədə və uzunmüddətli sülhü bərqərar etmə yollarının müəyyən olunması üçün qətnamələr qəbul etmişdir. Söhbət beynəlxalq səviyyədə irəli sürülmüş addımlardan gedir. Yerevanın bu münasibəti təəccüb doğurur, çünki məsələn təkcə Bakıda 20 mindən çox erməni mükəmməl bir əmin-amanlıq içində yaşayır və Azərbaycan 1918-ci ildə, ABŞ-dan da öncə qadınlara səsvermə hüququ tanıyan birinci dünyəvi müsəlman respublika olub. Ona görə də müxtəlif dinlərin sülh şəraitində birgə mövcudluğu həmişə Azərbaycanın bir xüsusiyyəti olub. Təsadüfi deyil ki, dini bayramlar zamanı bir dini icmanın rəhbəri fərqli etnik və dini mənsubiyyəti olan digər həmkarını da dəvət edir. Bir çox yerdə, təkcə Bakıda deyil, Avropadan kənar başqa ölkələrdə də ermənilərin azərbaycanlılarla sülh şəraitində birgə yaşaması artıq bir reallıqdır. Ona görə də Ermənistan tərəfindən belə sərt münasibət məni təəccübləndirir”, – italyan senator bildirib.

M.Rizzotti qeyd edib ki, əgər erməni tərəfi Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsəydi, münaqişə baş verməzdi. Senator işğal vaxtı azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş cinayətlərdən danışaraq Xocalı qətliamını xatırladıb və bir gecə içində 600-dan çox mülki azərbaycanlının qətlə yetirildiyini, ümumilikdə isə 1 milyon azərbaycanlının öz topaqlarını tərk etməyə məcbur edildiyini deyib.

Münaqişədə digər ölkələrin rolu ilə bağlı suala münasibətdə isə senator bildirib: “Türkiyə Azərbaycana mənəvi dəstək verərək Birləşmiş Millətlər Təşkilatının qətnamələrinin tam yerinə yetirilməsinə çağırmışdır. Rusiya isə Ermənistana yaxın ölkə olmasına baxmayaraq, hər zaman demişdir ki, “biz Ermənistanı müdafiə məqsədilə yalnız onun ərazilərinə hücum olunduğu təqdirdə müdaxilə edə bilərik”, ki bunu Azərbaycan heç bir zaman etməmişdir, çünki ərazilərin geri qaytarılması yalnız Yerevan tərəfindən işğal olunan ərazilərdə həyata keçirilmişdir. Təəssüf ki, kasetli bombalar vasitəsilə Azərbaycan şəhərlərinə edilən hücumların şahidi olduq”.

Senator vurğulayıb ki, ədalət bərqərar olmadan sülh ola bilməz və beynəlxalq təşkilatların buna nail olmaq məqsədilə hər zaman işğal olunan torpaqları, sözügedən halda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş yeddi rayonunu azad etmək şərti ilə qətnamələr qəbul etməsi təsadüfi deyil.

Jurnalist erməni tərəfinin həmin qətnamələrin müharibə müddətində qəbul olunduğu və atəşkəsə nail olmaq məqsədi daşıdığı və onların yerinə yetirilməsi üçün Ermənistandan Dağlıq Qarabağdakı ermənilər üzərində olan nüfuzundan istifadə etməyi istədiyi və bu qətnamələrin Ermənistanın Azərbaycanın yeddi rayonun işğalına görə məsuliyyət daşıdığını nəzərdə tutmadığını iddia etdiyinə münasibətdə senatorun fikirlərini sorğu edib. “Əvvəla, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri atəşkəsdən əlavə bütün işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasını tələb edirdi ki, bu da 27 il boyunca həyata keçirilmədi. Bundan əlavə, sonrakı illər ərzində müxtəlif beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı digər qətnamələr qəbul olunub və buna 2008-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş, Ermənistan Respublikasının Azərbaycanın torpaqlarını işğal etdiyinə görə məsuliyyət daşıdığını qeyd edən və Ermənistan silahli qüvvələrinin Azərbaycan torpaqlarından çıxmasını tələb edən qətnaməni misal göstərmək olar. Sizə həm də deyə bilərəm ki, işğal həmin ərazilərdə yaşayış, dini, sənaye və kənd təsərrüfatı əhəmiyyətli bütün reallıqların tam məhvinə gətirib çıxarmışdır”, deyə italyan senator bildirib.

Senator münaqişənin səbəblərinin də təhrif olunduğunu və bu münaqişənin dini müharibə olmadığını, Azərbaycanın müsəlman çoxluqlu dünyəvi və tam dini azadlığı olan ölkə olduğunu, qadınların cəmiyyətdə müstəsna rola malik olduğunu və dövlət idarələrində mühüm vəzifələr tutduğunu bildirib.

Jurnalistin münaqişənin ən gərgin mərhələsində Türkiyə tərəfindən Suriya muzdlularının Dağlıq Qarabağa göndərilməsi barədə sualına senator belə cavab verib: “Bunu siz və sizin mənbələriniz deyir. Mən bilirəm ki bu fakt inkar olunub və bu barədə sübutlar yoxdur, mən dəlillərə güvənirəm. Heç bir beynəlxalq təşkilat, nə də orda olan ruslar muzdluların mövcudluğunu təsdiq etmədi. Amma bilirəm ki, Livandan və başqa ölkələrdən erməni dəstələri vuruşmağa gediblər. Ermənistanın hakim dairələri belə başqa ölkələrdən gələn erməni əsilli muzdluların ordu sıralarında mövcudluğunu etiraf etdi”.

Fikirlərinə davam edən senator bildirib: “Azərbaycan mülki əhalisinə qarşı istifadə olunan kasetli bombaların nəticələrini öz gözlərimizlə gördük. Azad olunmuş bütün ərazilər də minalarla doludur və bu əraziləri yararlı vəziyyətə gətirmək üçün illər lazım olacaq. Əgər bir və ya digər tərəfin bir-birinə qarşı nələr etdiyini düşünməyə davam etsək sülhə qarşı olan hissləri qidalandırmış olacağıq. Özü də bir halda ki, Azərbaycan tərəfindən işğaldan azad olmuş ərazilərdə yaşayan ermənilərin xoş qarşılanacağı rəsmi olaraq açıqlanıb”.

İtalyan senator Ermənistanda hökumət binasının qarşısında keçirilən etirazların, italyan parlament nümayəndə heyətinin üzvlərinin ölümlə hədələnməsi kimi halların erməni tərəfinin sülhə olan münasibətinin göstəriciləri olduğunu deyib. Uzunmüddətli və davamlı sülh üçün bir yolun tapılacağına ümidvar olduğunu bildirən senator Azərbaycana missiyanın məqsədinin dialoqu gücləndirmək olduğunu, çətin olan bir dövrün arxada qoyulmalı olduğunu, məlumatlandırma işinin davam etdirilməli olduğunu, bütün faciələrə rəğmən, keçmişlə yaşayıb, keçmişə baxmaqla sülhə nail olmağın mümkün olmadığını deyib. Fikirlərini yekunlaşdıran senator müharibənin ölkələrə rifah gətirmədiyini və bu fəsli arxada qoymaq və inkişafa nail olmaq üçün ədaləti təmin etməyin əsas şərt olduğunu bildirib.

Paylaş

 Xəbəriniz olsun