Erməni vəhşiliyinin Ballıqaya səhifəsi – VİDEO

  • Space TV
  • 27 Avqust 2020 13:59

1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan hərbi birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı qətliam törədilib. Space TV-nin xəbərinə görə, Ballıqaya kəndində Ermənistan hərbi birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliam nəticəsində 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Onların arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub. 3 azyaşlı uşaq isə hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyidləri yandırılıb. Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib. Ümumilikdə öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub.Onların arasında doğmalarını itirən Səmayə xanım da var.  İndi onlar Bərdədə  məcburi köçkün qəsəbəsində məskunlaşıblar.

Ailəsinin qətliamından danışan Səmayə xanım deyir ki, qardaşı öz balalarını qorumaq istəyib. Amma vəhşi ermənilər buna da aman verməyib.

Ballıqaya faciəsi Ermənistan silahlı qüvvələrinin Qarabağın azərbaycanlı əhalisini kütləvi şəkildə məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir.

Ballıqayada doğulmuş Lamiyə Mehdiyeva nə atasını, nə də anasını görüb. Atası müəllim, anası tibb bacısı olan Lamiyə 4 yaşında bu qətliamın şahidinə çevrilib. Xoşbəxtlikdən sağ qalıb.

Ballıqaya qətliamında qətlə yetirilmiş şəxslərdən bəzilərinin məzarları Bərdənin Qaradəmirçi, Alpout, Tumaslı və Nazırlı kəndlərindədir. Qeyd edək ki, Ballıqaya qətliamı ilə bağlı materiallar, maddi sübutlar və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Memorial Soyqırım Muzeyində saxlanılır.

Paylaş

 Xəbəriniz olsun