“Equinor” və SOCAR “Qarabağ” yatağının işlənməsi ilə bağlı müzakirələri davam etdirir

  • Space TV
  • 5 Fevral 2021 14:56

“Azərbaycan “Equinor”un ən böyük və uzunmüddətli beynəlxalq öhdəliklərindən biridir və biz Azərbaycanda üzərimizə götürdüyümüz öhdəliklərə, o cümlədən, Azəri-Çıraq-Günəşlidəki tərəfdaşlığımıza sadiqik”.

Bu barədə Spacetv.az Norveçin neft-qaz şirkəti olan “Equinor”dan məlumat verilib. 

“Biz, partnyorumuz SOCAR ilə bərabər “Qarabağ” yatağının işlənməsi layihəsinə dair birgə səylərimizi davam etdiririk. Hazırda SOCAR ilə layihə cədvəlinin müzakirəsi davam etməkdədir”, – deyə məlumatda bildirilib. 

Həmçinin şirkət ölkəmizdəki iki müəssisəsinin ləğv olunması ilə bağlı məlumatlara da münasibət bildirib:

“Equinor” Azərbaycandakı şirkətlərinin bağlanması haqqında mediada yayılan məlumata aydınlıq gətirmək istəyir. Bildiririk ki, sözügedən şirkətlərin ləğv olunması “Equinor”un 2014-cü ildə “Şahdəniz” layihəsindəki 15,5 faiz hissəsini Malaziyanın “Petronas” şirkətinə satması və layihədən ayrılma qərarı ilə əlaqədardır”.

Hazırda “Equinor”un “Aypara” perspektiv layihəsində qazma işlərini mövcud pandemiya vəziyyəti ilə əlaqədar olaraq təxirə saldığı da qeyd edilib və əlavə edilib ki, quyuda qazma işlərinə nə zaman başlanacağını demək hələ tezdir.

“Equinor” şirkəti (2018-ci ilədək “Statoil”) Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Şirkət “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku layihəsi üzrə 2049-cu ilə qədər uzadılmış Hasilatın Pay Bölgüsü Sazişinin (7,27 faiz) və Bakı-Tbilisi-Ceyhan (8,71 faiz) neft boru kəmərinin iştirakçısıdır.

30 May 2018-ci il tarixində SOCAR və “Equinor” arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” və “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” sazişləri imzalanıb.

Paylaş

 Xəbəriniz olsun