Epizodik rolların baş qəhrəmanı

  • SpaceTV
  • 22 Aprel 2020 13:14

Milli teatr və kino sənətimizin görkəmli aktyorları sırasında Ağahüseyn Cavadov həmişə öz dəstixətti ilə seçilib. Çox zaman epizodik rollar yaratsa da, yadda qalar, sevilərdi.

SPACE TV xəbər verir ki, bu gün görkəmli sənətkar, Xalq artisti Ağahüseyn Cavadovun anadan olmasından 126 il ötür.

Bakının Xırdalan kəndində 1894-cü il aprelin 22-də anadan olan A.Cavadov buradakı “Səadət” məktəbində oxuyub. Əmək fəaliyyətinə isə tacir yanında köməkçi kimi başlayıb.

Aktyorluğa maraq onda yeniyetmə yaşlarından yaranıb. Hələ uşaqlıqdan səhnəyə sirli-sehrli bir aləm kimi baxır, vaxt tapan kimi gedib tamaşaları izləyirdi. Ağahüseynin bu qarşısıalınmaz arzusunun reallaşması çox gecikmir. Respublika Hərbi Komissarlığı Siyasi İdarəsinin yaratdığı teatrın tamaşalarında (“Bəxtsiz cavan”, “Ac həriflər”, “Xor-xor”, “Dursunəli və Ballıbadı”, “Molla Cəbi” və s.) oynadığı rollarla tamaşaçıların alqışını qazanıb, truppa rəhbəri Sidqi Ruhullanın diqqətini cəlb edib.

Az keçməmiş Bakı Türk Azad Tənqid-Təbliğ Teatrına dəvət alır və burada maraqlı yaradıcılıq dövrünə qədəm qoyur. 1932-ci ilin sonunda Gəncəyə köçürülərək Dövlət İşçi Dram Teatrı kimi fəaliyyətini davam etdirən həmin kollektivdə Hacı Səməd ağa (“Bəxtsiz cavan”), Giko (“Pepo”), Barxudar (“Namus”), Mintoyev (“Morqanın qohumu”) kimi rolları ilə tanınmağa başlayıb.

Sonra yenidən Bakıya qayıdıb Milli Dram Teatrında işləmiş Ağahüseyn Cavadovu xatırlayanlar onun yaratdığı və çoxu öz dövrünün “hadisəsi” kimi qiymətləndirilmiş Dəmirçi Musa, Bərbərzadə, Mirzə Salman (“Toy”, “Xoşbəxtlər”, “Nişanlı qız”), Ocaqqulu, Xosməmməd, Həmzə, İmamverdi, Oddamdı (“Almaz”, “Dönüş”, “Solğun çiçəklər”, “1905-ci ildə”, “Od gəlini”), Cəlal, Soraq kişi (“Həyat”, “Yaxşı adam”), Savalan (“Dağlar qızı”), Luka Lukiç (“Müfəttiş”), Brabansio, Qoca çoban (“Otello”, “Qış nağılı”), Petruşin (“Canlı meyit”), Popoviç (“Nazirin xanımı”), Platon, Məzarçı (“Şeyx Sənan”, “Xəyyam”) və onlarca digər rolları ilə tamaşaçıların rəğbətini qazanıb.

Aktyor sənətdə olması ilə bağlı demişdi: “İstedad anadangəlmə olur. Elə ilk dəfə səhnəyə çıxanda başa düşdüm ki, teatra həvəs göstərmək, istedad azdır. Sənətdə qalmaq üçün özünə qarşı yüksək tələbkarlıq və işdə inad göstərmək də vacibdir. Səhnədə mənim müəllimlərim Sidqi Ruhulla, Mirzağa Əliyev və Hacıağa Abbasov olmuşlar. Onlar mənə rol üzərində işləməyi, ifadə vasitələrindən peşəkarcasına istifadə etməyi öyrətmişlər”.

1938-ci ildə Moskvada keçiriləcək Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü ərəfəsində Bakıda Musiqili Komediya Ansamblı yaradılmışdı. Bu ansambl Ümumittifaq baxışında böyük uğurla çıxış etdi. Həmin il Azərbaycan Dövlət Musiqili Komediya Teatrı təşkil olundu. A.Cavadov bu teatra dəvət edildi. Zəngin yaradıcılıq imkanlarına malik aktyor həmin teatrda Lütfəli Abdullayev, Aliyə Terequlova, İbrahim Hüseynov, Xalidə Hüseynova və başqa sənətkarlarla çiyin-çiyinə işlədi.

Böyük Vətən müharibəsi başlanandan sonra, 1942-ci ildə A.Cavadov M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının truppasına daxil edildi. Ömrünün sonunadək bu teatrda çalışan canlı xarakterlər ustası həmin səhnədə bir sıra maraqlı rollar ifa etmişdir.

A.Cavadov sənətə gəldiyi ilk gündən hansı teatrda çalışmasından asılı olmayaraq, işinə məsuliyyətlə yanaşmış, zəngin aktyorluq imkanları nümayiş etdirmiş, tamaşaçılar tərəfindən həmişə alqışlarla qarşılanmışdır.

Sənətə, aktyor peşəsinə olan canıyananlığını biz A.Cavadovun kino fəaliyyətində də görürük. Aktyor cəmi on filmdə çəkilib, əksəriyyəti də epizodik rollardır. Bu rollar arasında nağıl qəhrəmanları da, inqilabdan əvvəl və müharibə dövrünün personajları da, müasir dövrümüzün müxtəlif peşə sahibləri də var. Zaman və məkandan asılı olmayaraq, A.Cavadov personajlarından hər biri üçün orijinal oyun və danışıq tərzi, hətta yeriş axtarıb tapırdı. “Görüş” kinokomediyasından tənbəl kolxozçu Əbülfəzi unutmaqmı olar? Özbəkistan pambıqçılarının nümayəndə heyəti tərkibində azərbaycanlı həmkarlarının görüşünə gələn gənc gözəl qız Lalaya vurulan bu yöndəmsiz qocanın bütün hərəkətləri gülüş doğurur.

Görkəmli kinorejissor Ə.Atakişiyev Ağahüseyn Cavadovu dörd filmində çəkmişdir. Bunlardan üçü – “Bir qalanın sirri”, “Sehirli xalat” və “Qərib cinlər diyarında” film-nağıllar, biri isə – “İstintaq davam edir” müasir macəra filmidir. Vaxtilə Əlisəttar müəllim bu böyük sənətkar barədə söhbətlərinin birində demişdi: “Ağahüseyn Cavadov ümumxalq aktyorudur. Hələ “Bir qalanın sirri” filmindən yaradıcı qrupu öz orijinallığı və fəaliyyəti ilə heyran etmişdi. O, heç kimə oxşamırdı və heç kimi təqlid etmirdi. Xarici görünüşü ilə cəzbediciliyi ona diqqəti artırırdı. Ağahüseyn filmdə tərəf-müqabillə dialoqa elə təbii şəkildə başlayırdı ki, onu saxlayıb nəyi isə düzəliş etməyə adamın əli gəlmirdi. O, kiçik rolu belə təsvir etmir, təbii şəkildə personajın özünə çevrilirdi. Əgər fikir vermisinizsə, “Bir qalanın sirri”ndə aktyor falçının hərəkətlərində, jestlərində parlaq, nəzəri cəlb edən qorxulu detallar axtarıb tapır, amma nə tərəf-müqabillərini, nə də tamaşaçıları qorxutmağa çalışmırdı. Bu komik aktyorun qarşısında məhz tamaşaçıları güldürmək yox, bir qədər təsirləndirmək məqsədi qoymuşduq. O da bunun öhdəsindən çox məharətlə gələ bildi. Sonrakı filmlərində isə biz onu həm komik, həm də ciddi rollarda görürük. Onun yaratdıqlarının səmimiliyinə inanırıq”.

A.Cavadovun kino personajları epizodik rollar olsa da, yaşayırlar. “Qızmar günəş altında”kı anbardar Pirioğlu da, “Əhməd haradadır?” filmindəki usta Əhməd də, “O olmasın, bu olsun”dakı masabəyi də, “Şərikli çörək”dəki İsmayıl baba da, “Qərib cinlər diyarında”kı Qaraşad da tamaşaçılar tərəfindən sevilib.

“Qərib cinlər diyarında” film-nağılı, adından da göründüyü kimi, cinlər aləmindən, Qərib adlı gəncin diyarda başına gələn macəralardan söhbət açsa da, əslində, burada müəlliflər Vətən məhəbbətini ön plana çəkmiş, əməyin, zəhmətin asan yolla əldə edilən var-dövlətdən qat-qat üstün olduğunu göstərə bilmişlər.

Amma A.Cavadovun 1957-ci ildə çəkildiyi “Qizmar günəş altında” filmindəki anbardar Pirioğlu rolu öz xarakterinə görə “Görüş”dəki Əbülfəzdən bir qədər fərqlənir. Çünki anbardar Pirioğluda yeniliklərə, insanlara qarşı bir inamsızlıq var. Bunlardan da ən qorxulusu onun kolxoz sədrindən asılı olduğu üçün yaltağa çevrilməsidir.

Taleh A.Cavadovu görkəmli rejissor Adil İsgəndərovla uzun illər səhnədə olduğu kimi, bir dəfə də kinoda görüşdürmüşdür. Böyük rejissor onu “Əhməd haradadır?” kinokomediyasında Usta Əhməd roluna çəkmişdir. Bu obraz tamaşaçıda xoş əhval-ruhiyyə yaradır. Usta Əhməd aktyorun ifasında çox təbii, səmimi alınmışdır.

Ağahüseyn Cavadovun yumoru ürəyəyatandır. O, olduqca realist aktyor idi. Görkəmli aktyor 200-dən artıq səhnə obrazı yaratmış, 10-a qədər filmdə komik və ciddi rollar ifa etmişdir.

Böyük sənətkar Ağahüseyn Cavadov uzun və mənalı ömür yaşayıb, 1981-ci ildə 87 yaşında vəfat edib. Onun əziz xatirəsi xalqımızın yaddaşında həmişə yaşayacaqdır.

Paylaş

 Xəbəriniz olsun