Elektron dərs sistemi hələlik ölkəmizdə geniş tətbiq olunmasa da, bu dərsliklərin yaradılması üçün addım atılıb. Bəs bu dərsliklər şagirdlər üçün nə qədər əhəmiyyətlidir? Təhsil eksperti Elşən Qafarov bildirir ki, elektron dərsliklər hesabına uşaqlarda araşdırmaçılıq və tədqiqatçılıq xüsusiyyətləri formalaşır.
Ümumiyyətlə elektron dərsliklərin yaradılması təkcə şagirdlərin yükünü azaltmır, həm də valideynlərə imkan verir ki, uşaqlarının dərs cədvəlinə, ev tapşırıqlarına, qiymətlərinə, dərs davamiyyətinə, yoxlama işlərinin və imtahanların nəticələrinə nəzarət edə bilsinlər.
Qeyd edək ki, Təhsil Nazirliyində hazırlanan elektron dərslik portalında artıq 231 elektron dərslik, 22 metodiki vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə 255 elektron vəsait mövcuddur. Portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı isə 27-yə çatdırılıb.2014-cü ildən fəaliyyət göstərən elektron dərslik portalının hazırlanmasında məqsəd şagirdləri təhsil prosesində fəallaşdırmaq, onların informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır.
LALƏ ÜLVİQIZI SPACE TV