Eldar Əzizov sakinlərlə görüşdü – VİDEO

  • Space TV
  • 13 Noyabr 2019 10:52

İş  varsa  problem də  hər zaman olacaq. Ancaq gərək istənilən rəhbər şəxs bu məsələlərin həllinə öz şəxsi problemi kimi yanaşsın və diqqət ayırsın. Bu sözləri bu gün Sabunçu sakinləri ilə görüşdə çıxış edən Bakı şəhər icra hakimiyyətin başçısı Eldar Əzizov bildirdi. 500-ə yaxın sakinin iştirak etdiyi qəbulda Bakı şəhəri üzrə bütün idarə, müəssisə rəhbərləri ,Sabunçu rayonunun müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri həmçinin Bakı şəhər icra hakimiyyətinin tabeliyində olmayan bir neçə qurumun da səlahiyyətlı nümayəndələri iştirak edirdi. Sakinlər qarşısında   çıxış  edən Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov diqqətə çatdırdı ki, prezident bir neçə gün öncə onu qəbul edərkən qarşısına qoyduğu əsas tələb  “vətəndaşların  problemlərinin həllinə öz problemlərimiz   kimi yanaşmamız” olub. Hər məmurun vəzifə borcudur ki, üzərinə düşən öhdəlikləri layiqincə icra etsin.Daha sonra Sabunçu qəsəbəsi üzrə ərazi nümayəndəsi Arif Osmanov qəsəbədə görülmüş işlər barədə hesabat verdi.Açıq mikrafon formatında keçirilən görüşdə sakinlərin şikayətləri dinlənildi.Müraciətlər əsasən fərdi yaşayış evlərinin sənədləşdirilməsi,su və kanalizasiya xətlərinin  yenilənməsi,məhəllədaxili yolların təmir edilməsi, sahibsiz heyvanların yığışdırılması,  o cümlədən qəsəbədə yeni uşaq bağçası və məktəb üçün əlavə tədris korpusunun tikilməsi  ilə bağlı olub. Görüşdə  sakinlərin fərdi olaraq qaldırdıqları məsələlər də nəzarətə götürüldü. Həmçinin qəsəbədə gecə saatlarında bir sıra  küçələrin işıqlandırma sistemində  nöqsanların olduğu  icra başçısının  diqqətinə çatdırıldı. Sonda bütün müraciətlər və təkliflər nəzarətə götürülərək həlli ilə bağlı aidiyyatı qurumlara yerindəcə tapşırıqlar verildi.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun