Ekvadorda etiraz aksiyalarının gedişində 400-dən çox insan xəsarət alıb

  • SpaceTV
  • 10 Oktyabr 2019 12:24

Ekvadorda hüquq-mühafizə orqanları və nümayişçilər arasında toqquşmalarla müşayiət olunan etiraz aksiyalarının gedişində indiyədək 400 nəfərdən çox insan, o cümlədən 86 polis əməkdaşı təcili tibbi yardım üçün xəstəxanalara müraciət edib.

SPACE TV xəbər verir ki, bu barədə məlumatı Ekvadorun Daxili İşlər naziri Mariya Paula Romo “Facebook” sosial şəbəkəsində canlı yayımlanan mətbuat konfransında açıqlayıb.

Nazirin sözlərinə görə, etirazlar zamanı həbs olunan insanların sayı 714 nəfərə çatıb.

Xatırladaq ki, ötən həftə Ekvador Prezidenti Lenin Moreno dizel yanacağı və benzinə subsidiyaların ləğv olunması barədə fərman imzalayıb. Bundan sonra yanacağın qiyməti 120 faizdən çox bahalaşıb. Həmkarlar ittifaqlarının nümayəndələri qərara qarşı çıxaraq etiraz aksiyalarına başlayıblar.

Oktyabrın 3-də bütün ölkə ərazisində nəqliyyat işçiləri müddətsiz tətil elan edib. Bundan başqa, etirazçılar iri avtomobil yollarını bağlayıb. Bəzi şəhərlərdə nümayişlər iğtişaşlarla müşayiət olunub. Ekvador Prezidenti yaranmış vəziyyət səbəbindən ölkədə fövqəladə vəziyyət rejimi elan edib.

Paylaş

 Xəbəriniz olsun