Düşmənin canına qorxu salan şəhidimiz: “Son danışığımızda mənimlə sağollaşırmış, bilməmişəm” – FOTO

  • Space TV
  • 22 Dekabr 2020 11:46

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu.

Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər.

Vətən Müharibəsində Silahlı Qüvvələrimizin 2802 hərbi qulluqçusu həlak olub.

Müharibədə şəhid olmuş qəhrəmanlarımızdan biri də 1990-cı il təvəllüdlü Fərid Məmmədovdur. Şəhidin bu vətən üçün ondan yadigar Fuad adlı oğlu qalıb. 

Şəhidin həyat yoldaşı Şəhla Məmmədova Oxu.Az-a açıqlamasında bildirib ki, sentyabrın 27-də, səhər saat 05:30-da F.Məmmədovu evdən yola salan zaman cəbhəyə getməsindən xəbərsiz olub: 

“Bu, bizim sonuncu görüşümüz oldu. Şəhid olana qədər bizlə tez-tez əlaqə saxlayırdı. Mən Fəridin cəbhədə olduğunu oktyabrın 17-də bilmişəm. Ona nə zaman zəng edirdimsə, xəttə İran dalğası qarışırdı, dəyişirdi. Məcbur oldu və dedi ki, Cəbrayılda döyüş zonasındayam. Onun anası da mənimlə bərabər cəbhədə olduğunu öyrənib.

Şəhid olduğu gün mənimlə iki dəfə telefonla danışdı, səsində heç bir narahatlıq hiss etmədim. Dedi, nəsə problemin varmı? Uşağımızı soruşdu. Sən demə, həyat yoldaşım döyüşdə ön cəbhəyə gedirmiş və mənimlə sağollaşırmış. Məndən sonra qardaşı və dostu ilə danışıb. 

Anası ilə danışan zaman “Şəhlaya, Fuada baxarsan” deyərək sətiraltı bizi tapşırırmış. Əslində, bilirəm ki, Fərid şəhid olan gün ən çox mənimlə sağollaşmaq istəyirmiş, amma ən çox sağollaşmaq istədiyi insana ön cəbhəyə getdiyini deməyə qıymayıb, sadəcə, “Hələlik” dedi. İndi anlayıram ki, o, “Hələlik” sözü ilə mənə nələr demək istəyirmiş…”

Şəhidin həyat yoldaşı onunla tanışlıqlarından da danışıb: 

“İkimiz də Xırdalanda yaşasaq da, heç vaxt qarşılaşmamışıq. Bəlkə də, rastlaşmışıq bir-birimizə fikir verməmişik. Mən Fəridin oxuuğu məktəbdə müəllim işləyirdim. Bir gün o, məktəbə, müəllimlərini görməyə gələn zaman sinif otağını səhv salmışdı. Qapını açan zaman məni gördü və bir müəllimin adını soruşdu.

Mən də dəhlizdə ona otağı göstərdim. İlk baxışdan vurulmaq sözünə heç vaxt inanmırdım. Amma mən bu sözu onda unutdum və Fəridin gözlərinə vurulmuşdum. Evə gələndən sonra iş yoldaşım mənə zəng etdi və dedi ki, Fərid sizi bəyənib, əgər icazə versəniz, sizinlə tanış olmaq istərdi. Razılıq verdim və beləcə, tanışlığımız başladı”.

Qəhrəmanın həyat yoldaşı bildirib ki, Fəridlə beş illik bərabərlikləri olub:

“Zaman elə uçur, elə bilirəm ki, hər şey iki gün bundan qabaq yaşanıb. Bir tərəfdən də zamanın axıb getməsinə sevinirəm ki, Fəridə qovuşmağım üçün vaxt tez keçir. Hər ikimiz işləyirdik. Fərid növbəli sistemdə işləyirdi və birlikdə az vaxt keçirirdik.

Səhər və axşam yeməyini birlikdə etdikdə bizim üçün bayram idi. İşlədiyim üçün bəzən o işdən gələndə yemək hazırlaya bilmirdim. Həmişə bir sözü var idi: “Narahat olma, gələrəm, birlikdə həll edərik”. Özü daha çox hərbi paltar geyindiyi üçün həmişə çalışırdı ki, Fuadla mənə hər şey alsın.

Bizim bir bazar günümüz var idi ki, birlikdə keçirirdik. Onunla birlikdə marketə getmək mənim üçün bayram idi. Evimizdə problem olanda Fərid deyirdi ki, mən həll edəcəm, sən bunu düşünmə. Artıq bilirdim ki, Fərid o çətinliyi həll edəcək”.

F.Məmmədov oktyabrın 25-də Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub:

“Fərid taqım komandiri idi. Döyüş üçün toplanan əsgərlərə təlim keçirdi. Ən son təlim keçdiyi əsgərlərlə birlikdə düşmənlə döyüşüblər. Düşmən raket atıb və əsgərlərə “atdılar, qaçın”, – deyib. 

Onlar qaçıb, sadəcə, Fərid və leytenant dostu qalıb. Dostu elə yerindəcə ölüb. Qəlpə Fəridin sağ qolunun altından girib. Təcili tibbi yardım maşını aparan zaman vurulduğu yerdən 500 metr sonra vəfat edib.  

Fərid Məmmədov II Şəhidlər Xiyabanında dəfn edilib.

Paylaş

 Xəbəriniz olsun