Düşdüyü qəzanı lentə aldı

  • SpaceTV
  • 28 Sentyabr 2019 13:27

Sükan arxasında olan sürücünün diqqətsizliyi, daha dəqiq desək dostları ilə internet vasitəsilə canlı bağlantı yaratması qəzaya səbəb olub. O düşdüyü qəzanı elə öz telefonun yaddaşına yazıb.

Bu dəfə də sürücünün telefonla oynaması qəzaya səbəb oldu. “Gözləyin gəlirəm,  az qalıb” deyərək canlı yayımda dostlarına müraciət etdi. Qəzanın görüntüləri sosial şəbəkədə yayılıb. Kimliyi müəyyənləşdirilməyən şəxs avtomobili idarə edərkən telefonla dostları ilə canlı əlaqə yaradıb və onu gözləyən şəxslərə hazırda yolda olduğunu deyib. Hərəkət zamanı yolu çəkən sürücü elə özünün səbəb olduğu qəzanı da lentə alıb. Bir anlıq diqqətsizlik nəticəsində maşınını qarşıdakı başqa avtomobilə vurub. Hadisə ötən gün paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.

Son zamanlar qəza şəraitinin yaranmasına bəzi sürücülərin sükan arxasında telefonla danışması, mesaj göndərməsi, hətta planşetdən istifadə etməsi səbəb olur.  Azər Allahverənov bildirir ki, bununla bağlı aidiyyatı qurumlar tədbirlər görməlidir.

Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə əlli manat cərimə nəzərdə tutulub. Ölkədə avtomobil qəzaları günün səhər və axşam saatlarında, yəni daha çox pik saatlarda baş verir. Türkiyədə isə  aparılan araşdırmalara görə, qəzalar daha çox yay aylarında, həftənin çərşənbə axşamı, saat 17.00-18.00 radələrində baş verir. Müşahidələrə görə, qəzalara daha çox sürət həddi səbəb olur. Manevr qaydalarının pozulması, qəzada ölüm səbəbi araşdırılarkən təhlükəsizlik kəmərinin taxılmaması, sükan arxasında mobil telefondan istifadə edilməsi, diqqəti yayındıran söhbətlərin edilməsi, qəzalara səbəb olan amillər arasındadır.

Odur ki, “cəriməsini ödəyərik”,  deyib keçməyək. Bu zaman təkcə  özümüzün, yox, doğmalarımızın da həyatını təhlükəyə atmış oluruq. Təkcə telefonla danışmaq yox, ani diqqətsizlik belə həyatımız bahasına başa gələ bilər. Bu səbəbdən yollarda son dərəcə diqqətli olmağa çalışaq.

  Nərgiz Ərəstunqızı Space

Paylaş

 Xəbəriniz olsun