Dünyanın ekoloji təmiz şəhərlərinin reytinqi açıqlanıb

  • SpaceTV
  • 29 Aprel 2020 16:25

SPACE TV  “Lonely Planet” nəşrinə istinadla xəbər verir ki, dünyanın iri şəhərləri bir neçə göstərici üzrə tədqiq olunub. Tədqiqatçılar ictimai yaşıllıq sahələrinin və piyada gəzinti məkanlarının sayı, havanın çirklənməsi dərəcəsi, bərpa olunan mənbələrdən enerji və su istifadəsinin həcmi, ictimai nəqliyyatdan istifadə edən insanların sayı kimi göstəriciləri müqayisə ediblər.

Bu göstəricilərə görə, Vyana reytinqin lideri seçilib. Burada park və istirahət zonalarının sayı çoxdur, ictimai nəqliyyat rahatdır. Bununla yanaşı, əhalinin təxminən yarısı ətraf mühiti çirkləndirən şəxsi nəqliyyatdan imtina edib.

Reytinqdə ikinci yerdə Münxen şəhəri qərarlaşıb. Parkların bol olduğu şəhərdə ictimai nəqliyyat sistemi yollarda şəxsi avtomobillərin sayını azaltmağa və havanı təmiz saxlamağa imkan verir.

Siyahıda üçüncü yeri gəzinti məkanlarının çox olduğu və Avropada adambaşına minimal su sərf edildiyi, eyni zamanda, inkişaf etmiş ictimai nəqliyyat sisteminin qurulduğu Berlin şəhəri tutub.

Reytinqdə dördüncü və beşinci yerlərdə Madrid və San-Paulu şəhərləri gəlir. Madridin mərkəzində çoxsaylı parklar, botanika bağları və piyada gəzinti zonaları salınıb. Braziliya meqapolisində isə fermer bazarlarının bolluğu müşahidə olunur, əhali isə bərpa olunan enerji mənbələrindən çox istifadə edir.

İlk onluğa, həmçinin Mançester, Lissabon, Sinqapur, Amsterdam və Vaşinqton daxil olub.

Paylaş

 Xəbəriniz olsun