Dünyanın ən güclü 20 valyutasından biri olan Azərbaycan Manatı 28 yaşında

  • Space TV
  • 15 Avqust 2020 17:21

Azərbaycanın milli valyutası olan manatın dövriyyəyə buraxılmasından 28 il ötür. İlk manat dövriyyəyə 15 avqust 1992-ci ildə buraxılıb.  Milli valyutamızın ilk eskizlərinin müəllifi rəssam Eldar Mikayılzadə olub.

Spacetv.az-ın məlumatına görə, 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxılıb. Azərbaycanın ilk pulları Fransa Mərkəzi Bankında hazırlanıb. Ümumilli lider Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli “Milli valyutanın respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” fərmanından sonra Azərbaycan rubl zonasından çıxıb. Bununla da Milli Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirməyə başlayıb. 

İlk vaxtlar  iqtisadi şərait çərçivəsində milli valyutanın məzənnəsini sabit saxlamaq mümkün olmadığından manat digər xarici valyutalara nisbətdə sürətlə ucuzlaşırdı. Əgər 1994-cü ilin əvvəlində Azərbaycanda 1 ABŞ dolları 118 manata bərabər idisə, bir il sonra bu nisbət 4 182 manata qalxıb. Bu isə dövriyyəyə daha böyük nominallı əskinasların buraxılması hesabına baş verirdi. Belə ki, Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə Almaniyanın “Giesecke & Devrient” şirkəti tərəfindən 10 000 manatlıq, 1996-cı ildə isə İngiltərənin “De La Rue” şirkəti tərəfindən 50 000 manatlıq əskinaslar çap edilərək dövriyyəyə buraxılıb. Sonuncu həm də 2001-ci ildə 1 000 manatlıq əskinasın yeni dizaynda hazırlanmasını həyata keçirib.

Buraxılmış bu pullar 2007-ci ilin yanvarın 1-dək qüvvədə olub.

7 fevral 2005-ci il tarixində isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” imzalanmış fərmana uyğun olaraq  2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılıb. Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulub.

Yeni Azərbaycan manatı  28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunub. Yeni pul vahidləri Azərbaycan Mərkəzi Bankının sifarişi əsasında Vitam Reklam Şirkəti tərəfindən hazırlanıb. Yeni manat 6 sikkə və 7 əskinas formasında təqdim edilib.

Hazırda Azərbaycanda 1, 3, 5, 10, 20, 50 qəpiklər, 1, 5, 10, 20, 50, 100, 200 manat dəyərində əskinaslar dövriyyədədir. Ən son olaraq 2018-ci ilin mayından etibarən 200 manatlıq əskinaslar dövriyyəyə buraxılıb.

18 mart 2019-cu il tarixindən isə 10 manatlıq pul nişanları yenilənib və tədavülə buraxılıb.

Azərbaycan manatı dünyada ən dəyərli pul sıralamasında 19-cu sırada yer alıb.

Keçmiş maliyyə naziri, iqtisadçı Fikrət Yusifov spacetv.az-a açıqlamasında manatın bundan sonra sabit qalacağını və dəyər itirməyəcəyini bildirib: “Hazırda 1 dollar 1 manat 70 qəpik dəyərindədir. Bu gün Azərbaycan iqtisadiyyatı və maliyyə resursları imkan verir ki, bundan sonrakı dönəmlərdə də belə sabit qala bilsin. Hesab edirəm ki, manatın sabitliyi bütövlükdə təmin olunan sabitlikdir. Azərbaycanın qızıl valyuta ehtiyatı bütövlükdə təqribən 50 milyard dollar səviyyəsindədir. Bu Azərbaycanın ümumdaxili məhsulundan da çox olan ehtiyatdır”.

Əbülfət Baxşəliyev, Spacetv.az

Paylaş

 Xəbəriniz olsun